Əraqçidən telefon trafiki -Hamıya sülh zəng etdi

Dünya

01.05.2026 16:29

İranın xarici işlər naziri Abbas Əraqçi regional gərginliyin azaldılması və münaqişənin genişlənməsinin qarşısını almaq məqsədilə genişmiqyaslı diplomatik hərəkətə keçib. 

TodayPress TV xəbər verir ki,  Əraqçi Azərbaycan, Türkiyə, Misir, Qətər, Səudiyyə Ərəbistanı və İraqın xarici işlər nazirləri ilə silsilə telefon danışıqları aparıb.

Danışıqlar zamanı nazir  İranın mövcud hərbi-siyasi vəziyyətlə bağlı son mövqeyini həmkarlarının diqqətinə çatdırıb. O, xüsusilə ABŞ və İsrailin regiondakı hərəkətlərini "təcavüzkar siyasət" kimi qiymətləndirərək, müharibə alovunun bütün Yaxın Şərqi bürüməməsi üçün Tehranın irəli sürdüyü sülh təşəbbüslərini təqdim edib.

Azərbaycanın xarici işlər naziri ilə aparılan söhbətdə ikitərəfli əlaqələrlə yanaşı, Cənubi Qafqazda sabitliyin Yaxın Şərqdəki proseslərlə qarşılıqlı təsiri də müzakirə olunub. Tehran Bakının regionda sülhyaratma prosesindəki rolunu yüksək qiymətləndirdiyini ifadə edib.

Ekspertlər bu "telefon marafonunu" İranın beynəlxalq təcridi yarmaq və regional müttəfiqlərlə vahid cəbhədən çıxış etmək cəhdi kimi qiymətləndirirlər. Abbas Əraqçinin bu addımı Tehranın "mehriban qonşuluq və aktiv diplomatiya" kursunun tərkib hissəsi hesab olunur. 

TodayPress TV

Jalə Rövşən

tag: Abbas Əraqçi ,İran ,Azərbaycan ,Zəng ,Todaypress.tv,