Kəbədə şeytan var, daşlayırlar? İlahiyyatçı üsyan etdi
Sosial şəbəkələrdə və müxtəlif media platformalarında Həcc və Ümrə ziyarətləri ilə bağlı müxtəlif görüntülər yayılır. Bu görüntülərdə bəzi zəvvarların Kəbəyə toxunmaq üçün sıxlıq yaratdığı, emosional anlarını çəkərək paylaşdığı və ya Kəbənin örtüyündən xatirə kimi sap götürməyə çalışdığı hallar görünür.
Eyni zamanda, böyük izdiham səbəbindən qadın və kişilərin bir-birinə çox yaxın olduğu mənzərələr də müşahidə edilir ki, bu da bəzi insanlarda dini qaydalar və ibadətin mahiyyəti ilə bağlı suallar yaradır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan ilahiyyatçı Elşad Miri deyib ki, Həcc ziyarətinə gedənlərin çoxunun məqsədi adlarının qarşısında "Hacı"sözünün olmasıdır".
Onun sözlərinə görə, Həcc ziyarətinin əsas mahiyyəti zamanla müxtəlif ritual və ənənələrin kölgəsində qalıb:
"Bu günə qədər bizə öyrədilib ki, Həcc ziyarətinin 3 əsas məqamı var. Bunlar ehrama girmək, Ərafatda dayanmaq və təvaf etməkdir. Bu üç əməldən kənar digər ritual və ənənələrin icrası üçün vaxt sərf etməyə və ya orada uzun müddət qalmağa ehtiyac yoxdur. Milyonlarla insanın orada 3 həftə, bir ay qalmasının mənası yoxdur".
İlahiyyatçı hesab edir ki, bir çox insanın Həccə getməkdə əsas məqsədi dini mahiyyətdən daha çox sosial status qazanmaqdır. O, Quranda yer almadığını bildirdiyi bəzi məşhur ritualları da tənqid edib:
"Bu ziyarətdə "Şeytan daşlamaq", "Qara daşı öpmək" kimi rituallar düz deyil. Bunlar Quranda yoxdur. Bəzi insanlar Həcc ibadətinə yanlış inanclarla yanaşırlar. Deyirlər ki, ölməmişdən qabaq Həccə gedim görüm. Onlar inanırlar ki, orada qılınan namaz adi yerlərdə qılınan namazdan 100 qat daha güclüdür. Kəbəyə toxunmaq üçün sıxlıqdan keçənlər, ağlayanlar, bir-birilərini əzənlər çoxdur. İnsanlar bilmədən "canavar"laşırlar".
Elşad Miri əlavə edib ki, Kəbənin və Həcc ibadətinin əsas mesajı fərqlidir:
"Əslində isə həmin yer zülmə məruz qalanlar, zülmə qarşı birləşənlər üçündür. Müsəlmanlar Həcc ziyarətini Allahın buyurduğu mahiyyətə uyğun şəkildə yerinə yetirmirlər. Təəssüf ki, bizlər bu ziyarəti Allahın istədiyi kimi yox, turizm məqsədli edirik. Savab qazanmaq istəyənlər xeyir işlər görsünlər", - deyə ilahiyyatçı fikrini tamamlayıb.
Qeyd edək ki, hazırda ikinci zəvvar qrupu Məkkədədirlər və bir neçə gündən sonra Mədinəyə yollanacaqlar. İyunun 6-dan etibarən onların Bakıya daşınması başlanacaq. Sonuncu zəvvar qrupu iyunun 9-da Bakıya yola düşəcək.
Türkan İsgəndərli