Dəm qazından boğulanların sayı niyə artır?
Cəmiyyət
16.12.2025 16:39
Son günlər Azərbaycanda dəm qazından zəhərlənmə və ölüm halları artıb. Məlumdur ki, qaz cihazlarından düzgün istifadə edilməməsi ağır fəsadlara, hətta insan itkisinə səbəb ola bilər. Bu baxımdan təhlükəsizlik qaydalarına əməl olunması xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı TodayPress TV-yə danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev qeyd edib ki, qaz cihazlarının quraşdırılması və texniki baxışı yalnız ixtisaslaşmış mütəxəssislər tərəfindən həyata keçirilməlidir.

Onun sözlərinə görə, qaz cihazı quraşdırılan otaqlarda havalandırma sistemi normativ tələblərə uyğun olmalıdır:
"Otaqda kifayət qədər hava olmadığı halda yanma prosesi pozulur və bu da dəm qazının yaranmasına səbəb olur. Tüstü bacalarının işlək vəziyyətdə olması əsas şərtlərdəndir. İllərlə təmizlənməyən və ya nasaz bacalar ciddi təhlükə mənbəyidir. Hər il azı iki dəfə tüstü bacalarının təmizlənməsi tövsiyə edilir".
Ekspert əlavə edib ki, qaz cihazları yerləşdirildiyi otaqların sahəsinə uyğun olmalıdır:
"İki gözlü qaz sobası üçün otağın minimum sahəsi 8 kvadratmetr, üç gözlü üçün 12 kvadratmetr, dörd gözlü üçün isə 15 kvadratmetr olmalıdır. Əgər otaqda əlavə su qızdırıcısı quraşdırılırsa, sahə 20 kvadratmetrdən az olmamalıdır".
Mütəxəssis təhlükəsizliyin təmin edilməsi üçün qaz cihazları olan məkanlarda dəm qazı və qaz sızmasına qarşı dedektorların quraşdırılmasının vacibliyini vurğulayıb:
"Bu dedektorlar qaz sızması və ya dəm qazı yarandığı anda siqnal verərək təhlükə barədə xəbərdarlıq edir və qəza riskini minimuma endirir. Hamam otaqlarında qaz cihazlarının quraşdırılması tövsiyə edilmir. Əgər bu zərurət yaranırsa, mütləq şəkildə havalandırma sistemi və dedektorlar təmin edilməlidir. Tüstü bacasının işlək olub-olmadığını yoxlamaq üçün yanılı parça və ya kağızı bacaya tutmaq olar. Tüstü bacaları ildə iki dəfədən az olmayaraq təmizlənməlidir və bu işin ixtisaslaşmış müəssisələrə həvalə olunması daha məqsədəuyğundur".
Elmar Nurəliyev qeyd edib ki, bütün bu tədbirlər dəm qazından qorunmağın əsasını təşkil edir və insan həyatının təhlükəsizliyini təmin edir.
Türkan İsgəndərli
tag: Elmar Nurəliyev,Ekspert,Dəm qazı,Boğulma,Todaypress.tv,
