Rusiya son çarəyə əl atdı - Erməni ordusundakı casusları ayağa qaldıracaq
Rusiya Prezidenti Vladimir Putin Ermənistanda həbsdə olan eks-prezident Robert Köçəryanı doğum günü münasibətilə təbrik etdikdən bir gün sonra Köçəryanın erməni xalqına müraciəti yayımlanıb.
TodayPress TV xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Köçəryanın məktubunda “Paşinyan hakimiyyətinin sona çatdırılması vacibdir” ifadəsinin işlədilməsi faktiki olaraq xalqa seçkilərdə qələbə qazanan baş nazirə qarşı çıxmağa çağırışdır.
“Robert Köçəryan böyük korrupsiya ittihamları ilə üzləşdiyi üçün ömrünün sonuna qədər həbsdə qala biləcəyini anlayır. Ona görə də üsyan çağırışlarına üstünlük verib. Yəqin ki, Putinin ad günü təbriki də Köçəryanı həvəsləndirib”, – deyə, ekspert qeyd edib.
Onun sözlərinə görə, Nikol Paşinyan Putinin Köçəryana ünvanladığı davamlı təbriklərdən çəkinsəydi, eks-prezident həbs edilməzdi:
“Putin hələ aylar öncə medianın gözü qarşısında Paşinyanı "Ermənistanda Rusiyaya bağlı siyasi qüvvələrə təzyiqdən imtina et!" sözləri ilə xəbərdar etmişdi. Paşinyan bu çağırışı da qulaqardına vuraraq Kremlin dəstəklədiyi liderlərin hamısını həbsxanaya göndərdi. Yəni Paşinyan Putinin hədələrindən çəkinmir”.
Politoloq Rusiyanın Ermənistanın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi qadağaların da nəticə vermədiyini vurğulayıb. O, Rusiyanın Ermənistanda xaos yaratmaq üçün alternativ vasitə kimi erməni ordusundakı casus zabitlərdən istifadə edə biləcəyini istisna etməyib:
“Bəlkə onlar Kremlin əmri ilə Paşinyanı devirmək istəyələr. Ancaq Vaşinqton və Brüssel bu ehtimalı da nəzərə alaraq Rusiyanın Ermənistanla bağlı kəşfiyyat planlarını Paşinyanla bölüşürlər”.
O, Paşinyanın Azərbaycan və Türkiyə ilə sülh prosesini sürətləndirməsinin vacib olduğunu bildirib:
“Rusiyanın təzyiqlərini tam neytrallaşdıracaq amil bölgədə sülhün bərpası və regional əməkdaşlığın genişləndirilməsidir. Bişkekdə Prezident İlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüş və aparılan müzakirələr sülh sazişinin imzalanacağı günü yaxınlaşdırmalıdır".
Jalə Rövşən