“Roma”nın planı alt-üst oldu: “Zenit” Luis Enrikeni satmır!
Sankt-Peterburqun “Zenit” klubu braziliyalı vinger Luis Enrike üçün “Roma”nın göndərdiyi yeni təklifi rədd edib.
TodayPress TV xəbər verir ki, bu barədə “ESPN Brasil” məlumat yayıb.
Bildirilir ki, Roma təmsilçisi futbolçu üçün ümumilikdə 43 milyon avro təklif edib. Bu məbləğin 38 milyon avrosu əsas ödəniş, 5 milyon avrosu isə bonuslardan ibarət olub. Lakin “Zenit” rəhbərliyi bu şərtlərlə 25 yaşlı futbolçunu buraxmaqdan imtina edib.
İtaliyada transfer pəncərəsinin sentyabrın 1-də axşam bağlanması “Roma”nı tələsməyə məcbur edir. Paytaxt klubu hücum xəttini gücləndirmək üçün alternativ variant kimi “Ştutqart”ın futbolçusu Ceymi Levellinqi nəzərdən keçirir. “Roma” yay transfer pəncərəsi başa çatana qədər yeni vinger transfer etməkdə israrlıdır.
Luis Enrike cari mövsümdə “Zenit”in heyətində bütün turnirlərdə 6 matç keçirib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Braziliyalının klubla müqaviləsi 2028-ci ilin sonuna qədər qüvvədədir.
“Transfermarkt” portalında futbolçunun bazar dəyəri 24 milyon avro qiymətləndirilir.
Namiq HUN