İrəvandan sərhəd mesajı, Ankaradan şərt: Bakı-Türkiyə xəttində nə baş verir?

İrəvandan sərhəd mesajı, Ankaradan şərt: Bakı-Türkiyə xəttində nə baş verir?
31.08.2026 15:09 Təhlil

Son günlər Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması istiqamətində diqqətçəkən hərəkətlilik müşahidə olunur. 30 avqust tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə ilə sərhəddə yerləşən “Marqara” keçid məntəqəsinə səfəri və obyektin istismara tam hazır vəziyyətə gətirildiyinin açıqlanması sərhədlərin açılması məsələsini yenidən regional gündəliyin əsas mövzusuna çevirib.

Bəs Azərbaycanla sülh sazişi imzalanmadan Ankara belə bir addıma gedə bilər? Bu proses iki qardaş ölkə arasındakı strateji münasibətlərə necə təsir göstərəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə açıqlama verən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib ki, İrəvanın birtərəfli bəyanatlarına baxmayaraq, Ankaranın rəsmi mövqeyi dəyişməz olaraq qalır.


Millət vəkili Türkiyənin əsas şərtlərini və Bakı-Ankara xəttindəki sarsılmaz həmrəyliyi belə əsaslandırıb:

"Ermənistanda Türkiyə ilə münasibətlərin bərpa olunması və sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı istənilən bəyanatlar verilə bilər. Amma qardaşımız Türkiyənin rəsmiləri dəfələrlə bildiriblər ki, Türkiyənin Ermənistanla münasibətlərinin tam bərpa olunması Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasından sonra mümkün ola bilər. Yəni Ermənistan Konstitusiyasını dəyişməli, Azərbaycanla sülh sazişi bağlamalı, münasibətlərini normallaşdırmalıdır. Bununla paralel və eyni zamanda Türkiyə ilə münasibətlər də bərpa edilə bilər".

Deputat İrəvanın bölgədəki yeni geostrateji reallıqları dərk etməyə başladığını da vurğulayıb:

"Bu gün görünən odur ki, Ermənistanın müəyyən dairələri Ermənistanın gələcəyinin Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasından asılı olduğunu artıq dərk etməyə başlayıblar. Onlar anlayırlar ki, dünyaya çıxış məhz bu iki ölkədən, bu iki ölkə ilə ticarət-iqtisadi münasibətlərin qurulmasından keçir. Bu isə Ermənistanın ayaq üstə durması, iqtisadiyyatının inkişafı və insanların rifah içində yaşaması deməkdir. Yəni qonşu Azərbaycan və Türkiyə ilə münasibətlər müharibə dili ilə deyil, sülh dili ilə qurula bilər".

Parlamentari fikrini Azərbaycan və Türkiyənin sarsılmaz müttəfiqlik prinsipi ilə tamamlayıb:

"Qardaşlarımızın Ermənistanla münasibətlər barədə verdikləri bəyanatlar hələ də qüvvədədir. Eyni zamanda, Azərbaycan da Türkiyə üçün maraq doğuran məsələlərdə həmişə Türkiyənin yanındadır. Biz bir millət, iki dövlətik".

Qeyd edək ki, Türkiyə ilə Ermənistan arasındakı quru sərhədinin uzunluğu təxminən 311 kilometrdir. Ermənistan və Azərbaycan arasında gərginlikdən sonra bu sərhəd 1993-cü ildən etibarən rəsmi olaraq tamamilə bağlanıb.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
31 AVQUST 2026
Bütün Xəbərlər