Sahibə Qafarova Çin Xalq Respublikasının Baş prokuroru ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə TodayPress TV-yə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Milli Məclisin sədri bu səfərin Azərbaycan və Çin arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, həmçinin prokurorluq orqanları arasındakı əlaqələrin inkişafına öz töhfəsini verəcəyinə inamını bildirib.
Görüş üçün təşəkkürünü bildirən Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq Azərbaycana səfərdən əvvəl Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri Cao Lıci ilə görüşüb müzakirələr apardığını qeyd edib və onun xahişinə əsasən, onun salamlarını Milli Məclisin sədrinə çatdırıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Qonaqlar Milli Məclisin inzibati binasında olarkən parlamentin plenar iclas zalına da baş çəkiblər, burada yaradılmış iş şəraiti ilə tanış olublar.