Polşalı idmançılar OKP rəhbərinin həbsi səbəbindən Olimpiadaya buraxılmaya bilər
Polşa idmançıları ölkənin Olimpiya Komitəsinin (OKP) rəhbəri Radoslav Peseviçin həbsi səbəbindən Olimpiya Oyunlarında iştirak hüququndan məhrum edilə bilərlər.
TodayPress TV xəbər verir ki, “Onet” nəşrinin Polşa Olimpiya Komitəsinə göndərilən məktuba istinadən yaydığı məlumata görə, Peseviç müflis olmuş kriptovalyuta şirkətindən rüşvət almaqda şübhəli bilinir.
OKP prezidenti avqustun 27-də saxlanılıb və barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Ona 8 ilədək həbs cəzası verilə bilər.
Məlumata görə, Beynəlxalq Olimpiya Komitəsi OKP ilə bağlı üç mümkün variant nəzərdən keçirir. Bunlar Peseviçin könüllü şəkildə istefa verməsi, təşkilat prezidentinin səlahiyyətlərinin dayandırılması və Polşa Olimpiya Komitəsinin fəaliyyətinin dayandırılmasıdır.
Sonuncu variantın tətbiqi Polşa idmançılarının Olimpiya Oyunlarında iştirakına icazə verilməməsi ilə nəticələnə bilər.
Qeyd edək ki, növbəti Yay Olimpiya Oyunları 2028-ci ildə Los-Ancelesdə keçiriləcək.
Namiq HUN