Prezident Malayziya Kralını təbrik etdi
Azərbaycan Prezidenti İlham Əliyev Malayziyanın Kralı Sultan İbrahimi təbrik edib.
TodayPress TV xəbər verir ki, təbrikdə deyilir:
"Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.
Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış, dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tərəfdaşlıq əlaqələrinin hazırkı səviyyəsi məmnunluq doğurur.
İnanıram ki, Azərbaycan-Malayziya dövlətlərarası münasibətləri və qarşılıqlı faydalı əməkdaşlığımız həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bundan sonra da uğurla inkişaf etməyə və genişlənməyə davam edəcək.
Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost Malayziya xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram".