Paşinyan Əliyevlə görüşdə sinəsinə taxdığı simvolla son yüz ilin mesajını verdi – Peşmanıq...
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın avqustun 31-də Bişkekdə ŞƏT sammiti çərçivəsində görüşü baş tutdu.
Görüşdə Paşinyanın sinəsinə taxdığı xüsusi nişan gözlərdən yayınmadı. Bu, 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında müəyyən edilmiş, beynəlxalq səviyyədə tanınmış Ermənistan sərhədlərinin xəritəsini əks etdirən nişandır. Paşinyan özü bu nişanı dəfələrlə sülhün simvolu adlandırıb. O, açıq şəkildə bildirib ki:
“Mən 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında müəyyən edilmiş Ermənistan xəritəsinin təsvirini sinəmdə gəzdirirəm. Bu, həm də sülhün simvoludur, çünki biz bir-birimizin ərazi bütövlüyünü tanımaqla Ermənistan və Azərbaycan arasında sülh yaratmışıq”.
Bu jest təsadüfi deyil. O, Paşinyanın siyasi diskursunda baş verən köklü transformasiyanın açıq ifadəsidir. Əvvəllər onun mövqeyi tamam başqa idi.
5 avqust 2019-cu ildə Xankəndidə keçirilən tədbirdə səsləndirdiyi “Qarabağ Ermənistandır, nöqtə!” bəyanatı o dövrkü qeyri-real siyasətin mahiyyətini aydın göstərirdi. O zaman “tarixi Ermənistan” anlayışı ön plana çıxarılır, beynəlxalq hüquqla tanınmış sərhədlərdən kənar ərazilər üzərində iddialar irəli sürülürdü. Bu yanaşma danışıqlar prosesini iflic edir və regionda gərginliyi artırırdı.
Lakin 2020-ci ilin 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərində Azərbaycanın qazandığı qəti qələbə bu ideologiyanı kökündən dəyişdi. Azərbaycan Silahlı Qüvvələri ərazi bütövlüyünü bərpa etdi, işğala son qoydu və yeni reallıqlar yaratdı.
Məhz bu qələbələrdən sonra Paşinyan “Real Ermənistan” konsepsiyasını irəli sürməyə başladı. Bu konsepsiyaya görə, Ermənistan yalnız beynəlxalq səviyyədə tanınmış ərazilər daxilində mövcud olmalıdır. O, açıq şəkildə keçmiş ekspansionist yanaşmadan imtina etməyin, Alma-Ata prinsiplərinə əsaslanmağın və qonşularla münasibətləri yeni reallıqlar üzərində qurmağın zəruriliyini bildirir. Sinəsinə taxıb görüşə gəldiyi nişan məhz bu ideoloji dönüşün açıq simvoludur.
Bu gün sərhədlərin delimitasiyası prosesinə başlanılıb, bir sıra kəndlər Azərbaycana qaytarılıb, ticarət və nəqliyyat əlaqələrinin açılması istiqamətində razılaşmalar əldə olunub. Vaşinqton sammitində sülh sazişinin mətni paraflanıb, qarşılıqlı ərazi bütövlüyünün tanınması rəsmiləşdirilib.
Nikol Paşinyan daxili siyasətdə də ciddi addımlar atır. Ermənistanı xərçəng kimi gəmirən keçmiş ideologiyaya bağlı revanşist müxalifəti və kilsənin bir qismini neytrallaşdırmaq üçün açıq mübarizə aparır, “Real Ermənistan” ideologiyasını cəmiyyətə aşılamağa çalışır və bu qüvvələri siyasi sahədən sıxışdırır.
Azərbaycandan Ermənistana neft məhsullarının ixracı başlanıb, üçüncü ölkələrdən gələn taxıl və digər yüklərin Azərbaycan ərazisindən Ermənistana tranziti həyata keçirilir. İki ölkə arasında ticarət əlaqələrinin qurulması sülhün praktiki nəticələridir. Ermənistan Azərbaycanın hərbi və diplomatik qələbəsinin nəticəsi olaraq keçmiş maksimalist siyasətin səhv olduğunun dolayısı ilə etiraf edir və son yüz il ərzində regionda gərginliyə səbəb olan iddialardan imtina edir.
Mesajın beynəlxalq arenada simvollarla ifadəsi onun siyasi təsirini daha da artırır.
Qeyd edək ki, görüşdə həmçinin Vaşinqton razılaşmalarının icrası, sərhədlərin delimitasiyası, TRIPP layihəsi, neft məhsullarının ixracı, tranzit və ticarət əlaqələrinin genişləndirilməsi kimi praktiki məsələlər müzakirə olunub.
Jalə Rövşən