NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı

NATO-nun Ankara Sammiti Türkiyənin inanılmaz gücünü ortaya çıxardı - Türkiyəyə qarşı "Xaç Yürüşü"nə başlanıldı
13.07.2026 11:26 Təhlil

NATO-nun Ankara Sammiti Türkiyənin həm regionda, həm də qlobal arenada çəkisinin daha da  artdığını, xarici siyasətdə daha müstəqil xətt yürütdüyünü növbəti dəfə ortalığa qoydu.

Bu Ankaranın beynəlxalq münasibətlər sistemində mühüm qərarverici mərkəzlərdən birinə çevrilməsinin təsdiqi oldu.

Lakin Türkiyənin  artan nüfuzu Qərb analitik dairələrində birmənalı qarşılanmayıb.

ABŞ-li ekspert Cek Sotiriadisin təhlilləri bu baxımdan diqqət çəkir və Qərbin müəyyən seqmentlərində hökm sürən narahatlığı, hətta Türkiyəyə qarşı "xaç yürüşü" ritorikasını aydın göstərir.

Sotiriadis  Türkiyəni regional sabitliyi pozan və "problem yaradan" bir aktor kimi təqdim etməyə çalışıb. Onun irəli sürdüyü "Neo-Türk muxtariyyəti" anlayışı mahiyyətcə Ankaranın son illərdə həyata keçirdiyi müstəqil və milli maraqlara söykənən xarici siyasət kursunun Qərbdəki adıdır. Ekspert iddia edir ki, Türkiyə bir tərəfdən NATO daxilindəki mövqelərini qoruyur, digər tərəfdən isə post-Sovet məkanında və Mərkəzi Asiyada türk dövlətləri ilə inteqrasiyanı sürətləndirir. Onun fikrincə, Macarıstandan Çin sərhədlərinə qədər uzana biləcək potensial "pan-Türk dövlətlər zənciri" Qərb üçün ikitərəfli kəsərli qılınca bənzəyir: bu güc Çinin qarşısının alınmasında faydalı ola bilər, lakin Qərbin nəzarətindən çıxmaq riski də daşıyır. Eyni narahatlıq Kipr məsələsində də qabardılır və Ankaranın geri addım atmayan mövqeyi "həll prosesini çətinləşdirən faktor" kimi qələmə verilir.

Narahatlığın kökündə Türkiyənin manevr imkanlarının genişliyi dayanır. Ankara soyuq müharibə dövrünün  "cinah ölkəsi" və ya Qərbin iradələrini sorğusuz icra edən forpostu deyil. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malik ölkə kimi alyansın cənub cinahının, Qara dəniz hövzəsinin və qlobal enerji marşrutlarının təhlükəsizliyində əvəzedilməzdir.  Ankara Sammitində də ev sahibi kimi Ukraynaya dəstək, müdafiə sənayesində əməkdaşlıq və regional təhlükəsizlik mövzularında aparıcı rol oynadı.

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində iqtisadi, mədəni və hərbi-strateji işbirliyinin dərinləşməsi Türkiyəni müstəqil bir güc qütbünə çevirir. Bu, müasir çoxqütblü dünya nizamının təbii gedişatıdır.  Geosiyasi reallıqda heç bir regional lider tək bir düşərgənin maraqlarına sıxışıb qala bilməz və öz coğrafi-tarixi üstünlüklərindən maksimum yararlanmalıdır. Türkiyə də bunu edir. 

Türkiyəyə qarşı tənqidin çoxalması  rəqabətdən qaynaqlanır. Ankara elə addımlar atır ki, bu  bəzi dairələrdə qıcıq doğurur.  

PUA texnologiyalarındakı (Bayraktar və s.) sıçrayış, yerli hərbi sənayenin inkişafı və strateji silahlanmada (məsələn, S-400 məsələsi) müstəqil qərarların verilməsi ənənəvi asılılıq zəncirini qırır.

Şərq-Qərb və Şimal-Cənub xətlərində enerji marşrutlarının diversifikasiyası Türkiyəni qlobal enerji təhlükəsizliyinin əsas tranzit mərkəzinə çevirir.

Rusiya-Ukrayna müharibəsində olduğu kimi, böhranların həllində Ankaranın hər iki tərəflə dil tapan  yeganə NATO paytaxtı olması onun diplomatik çəkisini artırır.

Kipr və Şərqi Aralıq dənizində milli maraqlardan və beynəlxalq hüquqdan doğan haqların qətiyyətlə qorunması status-kvonun birtərəfli qaydada dəyişdirilməsinə imkan vermir.

Türk dövlətləri arasındakı inteqrasiya prosesi və coğrafi baxımdan genişlənən əməkdaşlıq bəsit romantik "pan-türkizm" ideyası kimi qələmə verilə bilməz. Bu ciddi iqtisadi və geostrateji əsaslara malik layihədir. Bu ittifaq Avrasiyanın ortasında yeni sabitlik və iqtisadi inkişaf qurşağı formalaşdırır, ticarət yollarını (məsələn, Orta Dəhliz) daha təhlükəsiz edir. Qərbin bu güc mərkəzindən Çinə qarşı bir sipər kimi istifadə etmək istəyi anlaşılandır, lakin Ankaranın prosesi öz milli və regional prioritetlərinə uyğun idarə etməsi Qərbdəki birtərəfli hegemonluq axtarışında olanları qorxuya salıb.

Jalə Rövşən 

XƏBƏR LENTİ
14 IYUL 2026
Bütün Xəbərlər