Ermənistanı dünyaya terror dövləti kimi tanıdan türk diplomatlarının öldürüldüyü Lissabon aktı
43 il əvvəl iyulun 27-də səhər saat 10:30 radələrində beş nəfərdən ibarət erməni terrorçu qrupu iki "Ford Escort" markalı avtomobillə Portuqaliyanın paytaxtı Lissabonda Türkiyə səfirliyinə yaxınlaşdı. Onlar Livan pasportları ilə turist kimi Lissabona daxil olmuşdular.
Terrorçulardan biri qapıdan içəri daxil olmağa cəhd göstərdi. Portuqaliyalı polis əməkdaşı vəziyyətdən şübhələnərək avtomobilə yaxınlaşanda terrorçulardan biri avtomat silahla ona atəş açaraq yaraladı. Cavab atəşi nəticəsində Türkiyə səfirliyinin mühafizəçisi hücum edənlərdən birini öldürdü.
Qalan dörd nəfər kanselariyaya daxil ola bilmədikləri üçün ona bitişik səfirliyin iqamətgahına soxuldular. Orada səfirliyin müvəqqəti işlər vəkili Yurtsev Mıhçıoğlunun həyat yoldaşı, 42 yaşlı Cahidə Mıhçıoğlu və 17 yaşlı oğlu Atasay Mıhçıoğlunu girov götürdülər. Terrorçular otağın ətrafına plastik partlayıcı maddələr yerləşdirdilər və polis binaya daxil olacağı təqdirdə binanı partladacaqlarını bildirdilər.
Portuqaliya polisi ərazini mühasirəyə aldı, Baş nazir Mário Soares isə yeni yaradılmış GOE xüsusi təyinatlı qrupuna əməliyyat əmri verdi. Bu, GOE-nin ilk döyüş əməliyyatı idi.
Polisin binaya daxil olmasına hazırlıq getdiyi vaxt partlayış baş verdi və bina alovlandı. Cahidə Mıhçıoğlu və səfirlik əməkdaşı artıq həlak olmuşdu. Oğlu Atasay Mıhçıoğlu isə ayağından yaralanmış vəziyyətdə pəncərədən tullanaraq xilas oldu. Polis binaya daxil olanda müqavimətlə qarşılaşmadı, içəri yanmış cəsədlərlə dolu idi... Terrorçular da yerindəcə ölmüşdülər.
Həmin terrorçular Ermənistanda və erməni diasporunda "Lissabon beşliyi" kimi tanınırlar. "Lissabon beşliyi" 19–21 yaşlı Setrak Acemyan, Ara Kurcuhliyan, Sarkis Abrahamyan, Simon Yahniyan və Vaçe Dağlıyandan ibarət olub.
Hücuma görə məsuliyyəti öz üzərinə götürən "Erməni İnqilab Ordusu" adlı terror qrupu yaydığı bəyanatda terror aktını və günahsız insanların qətlini "intihar deyil, azadlıq mehrabına qurban" adlandıraraq bunun Türkiyənin qondarma "erməni soyqırımı"nı tanımamasına cavab olduğunu iddia edib.
Hadisədən yarım əsrə yaxın vaxt keçməsinə baxmayaraq, Ermənistanda və bəzi erməni diaspor təşkilatlarında Lissabon terror aktını törədən şəxslər bu gün də "qəhrəman" kimi qələmə verilir. Onların xatirəsinə hər il anım mərasimləri keçirilir, qəbirləri ziyarət olunur, onlara şeirlər, mahnılar və məqalələr həsr edilir.
Daşnaksütyunla əlaqəli dairələr və bəzi erməni mətbuat orqanları hadisəni dramatikləşdirərək terrorçuları "azadlıq uğrunda şəhid", "milli qəhrəman" kimi təqdim edir, törətdikləri terror aktını isə qondarma "erməni soyqırımı"nın tanınması uğrunda mübarizənin simvolu kimi göstərməyə çalışırlar. Bu, zorakılığın və terrorun siyasi mübarizə vasitəsi kimi qəbul etdirilməsinə xidmət edən təhlükəli təbliğatdır.
1970–80-ci illərdə erməni terror təşkilatlarının dünyanın müxtəlif ölkələrində türklərə qarşı törətdiyi silsilə terror aktlarının bir hissəsi olan Lissabon hücumu bu gün də eyni ideoloji yanaşma ilə yad edilir. Terroru qəhrəmanlaşdırmaq və romantikləşdirmək isə bu ideologiyanın bu gün də yaşadıldığının sübutudur.
Jalə Rövşən