Ermənistan Azərbaycana elə bir şey ixrac etdi ki...
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, artıq Azərbaycana ilk alüminium folqa tədarükü həyata keçirilib.
Bəs nə üçün ilk addım məhz bu məhsulla atıldı?
Əslində, bu, gözlənilən idi. Qeyri-qida məhsulları ilə başlamaq hələlik ən rasional yoldur. Çünki hər iki cəmiyyət bir-birinin qida məhsullarını öz bazarlarında görməyə hələ tam hazır deyil.
Təsəvvür edin, bu saat marketə girib rəfdə Ermənistan istehsalı olan meyvə şirəsi, pendir və ya şokolad görsək, neçə nəfərimiz tərəddüd etmədən onu götürüb alar?
Çoxumuz düşünərik, tərəddüd edərik. Eyni hal onların tərəfində də keçərlidir. İllərlə davam edən gərginlikdən sonra qida kimi birbaşa qəbul etdiyimiz məhsullara inam bir gündə formalaşmır. İnsanlarda haqlı olaraq ehtiyatlılıq var.
Məhz buna görə də başlanğıc üçün daha “neytral” məhsul seçilib. Alüminium folqa rəfdə diqqət çəkən, reklam olunan və ya birbaşa istehlak edilən məhsul deyil. Ya hansısa məhsulun qablaşdırılmasında istifadə olunacaq, ya da istehsalat prosesinə daxil olacaq. Nə insanın gözünə batır, nə də əlavə psixoloji reaksiyaya səbəb olur.
Bir növ, burada sistemin özünü yoxlayırlar: gömrük necə işləyəcək, ödəniş necə həyata keçiriləcək, məhsul necə gətiriləcək? Yəni xırda və nisbətən risksiz addımlarla ticarət mexanizminin necə işlədiyini test edirlər.
Psixoloji sədlər bir gündə dağılan deyil. Bunun üçün zaman lazımdır. O vaxta qədər də ticarət, görünür, məhz belə — diqqət çəkməyən, gündəlik həyatda birbaşa emosional reaksiya doğurmayan məhsullarla yavaş-yavaş inkişaf edəcək.
Qiymət Mahir