Əl tutmaq Əlidən qalıb, siz kimdən qalmısınız?
Möhsün Rezayi Şahin Mustafayevin salamını niyə almır və ya salam verdim, salam almaz, görüm kəssin salam səni...
Adam gəlib sənin evinə. Deyir qardaş, narahat olma, mənim torpağımdan sənə qarşı bir güllə atılmayıb. Bunu sübut edir, zəmanət verir. Sən də durub onun əlini havada qoyursan. Bu nə tərbiyədir? Bu nə diplomatiyadır?
Bunu Tramp etsə deyərəm şoudur. Amma sən Tramp deyilsən axı. Lap elə o boyda Tramp Prezident Əliyevə necə yanaşır, necə böyük ehtiram göstərir. Sən isə SEPAH generalısan. Sənin işin şou deyil, dövlət idarə etməkdir. Şoumensən?
Rezayi kimdir? Hamı tanıyır. 16 il SEPAH-ın başında durub. İki oğlunu itirib, biri intihar edib, o biri müəmmalı ölüb. Deyirlər ki, özü öldürdüb. Allah rəhmət eləsin, amma bu travma onun Azərbaycana baxışını da korlayıb. 44 günlük müharibədə Erməninin xeyrinə danışan adam idi. İndi də eyni xətti göstərir.
Biz Pezeşkianı həmişə ayırmışıq. Pezeşkian bizim adamdır. Anası azərbaycanlı, arvadı azərbaycanlı, özü Təbrizdə çıxıb deyir ki, türkcə məktəb olmalıdır. İlham Əliyevlə azərbaycanca danışır. O, Təbrizin səsidir. Onu bu Rezayilərlə bir tutmuruq.
Amma Rezayi və onun kimiləri kimdir? Onlar nə edib bizə?
Biz nə etmişik? Sanksiya olanda sərhədi bağlamadıq. İranın yük maşını bizim yollardan keçdi. Hətta Putin belə bu məsələyə görə publik şəkildə Azərbaycan prezidentinə təşəkkür etdi. Torpağımızı İsrailə, Amerikaya baza olaraq vermədik. Hər dəfə dedik, qardaş, bizim torpaqdan sizə hücum olmayacaq. Sonuncu dəfə Şahin Mustafayev bunu Tehranda yenə dedi.
Xoyda isə zəlzələ olanda yenə birinci biz qaçdıq.
Onlar nə etdi? 90-cı illərdə Ermənistana yanacaq verdilər. 2020-də Xankəndinə gedən yanacaq TIR-ları İran nömrəsi ilə tutuldu. Hamısı videoda var. Sərhəddə bizə qarşı tankla təlim keçdilər. Səfirliyimizə hücum oldu, Orxan Əsgərov şəhid oldu, hələ də cavab yoxdur. İçərimizdə casus şəbəkəsi qurdular, Hüseyniyyun adı ilə cavanları Quma apardılar. Təbrizdə belə körpə uşağa türkcə məktəb yoxdur.
İndi bu adam Şahin Mustafayevin əlini dartır. Nə göstərmək istəyir? Güc? Güc əl dartmaq deyil, dövlət saxlamaqdır.
Mənim sözüm budur ki, İran bizim qonşumuzdur, 40 milyon soydaşımız orda yaşayır, Pezeşkian kimi oğullarımız var. Amma Rezayi kimi adamlar İranın özünə də ziyandır, bizə də.
Əli dartmaqla hörmət qazanılmaz.
Əl tutmaq Əlidən qalıb, sizin əliniz kimdən qalıb; yenə də Allah bilir...

Əziz Əlibəyli, beynəlxalq münasibətlər üzrə tədqiqatçı