Elə vəziyyət yarandı ki, ya Tramp İranı dağıtmalıdır, ya da İran onu prezidentlikdən atmalıdır…
ABŞ Prezidenti Donald Tramp İranın yeddi günlük atəşkəs və Hörmüz boğazının açılması ilə bağlı təklifini rədd edib. Tehran bunun qarşılığında ABŞ tərəfindən İran limanlarına tətbiq olunan blokadanın aradan qaldırılmasını və nüvə danışıqlarının bərpasını təklif edib.
Bəs Donald Tramp hansı şərtlərlə razılaşmaya getməyə çalışır? Vaşinqton İranın təklifini niyə qəbuledilməz hesab edir və tərəflər arasında razılaşmanın qarşısındakı əsas maneələr nələrdir?
Məsələ ilə bağlı TodayPress TV-yə danışan siyasi analitik Fəqani Məhərrəmli bildirib ki, ABŞ və İran arasında artıq 7 aydır davam edən və şərti olaraq “Körfəz savaşı” adlandıra biləcəyimiz müharibənin hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır:

“Tərəflərin kompromisə meyilli olmaması fonunda döyüşlərin yaxın perspektivdə başa çatacağı ehtimalı olduqca aşağı görünür. Tərəflər yüksək səslə sülhdən danışsalar da, onun təmin olunması istiqamətində real və nəticəyönümlü addımlar atmırlar. Eynilə Rusiya-Ukrayna müharibəsində olduğu kimi, Körfəz savaşında da sülh danışıqlarından yalnız beynəlxalq ictimaiyyətdə görüntü yaratmaq və vaxt qazanmaq məqsədilə istifadə edildiyi barədə fikirlər səslənir.
Ötən həftə Nyu-Yorkda, BMT Baş Assambleyasının çərçivəsində tərəflər və vasitəçilər arasında keçirilən danışıqlardan belə bir nəticə çıxır ki, hətta noyabrın 3-də ABŞ-də keçiriləcək seçkilərdən sonra da müharibənin şiddətinin daha da artması ehtimalı yüksək olaraq qalır. Tərəflərin davamlı olaraq bir-birini etimadsızlıqda günahlandırması isə diplomatik həll yolunun qarşısında duran əsas problemlərdən biri olaraq qalır”.
Analitik bildirib ki, ABŞ mətbuatının yaydığı və İranın dövlət agentliyi İRNA-nın təsdiqlədiyi xəbərlərə görə, İranın xarici işlər naziri Abbas Əraqçı hazırda Nyu-Yorkda qalmaqda davam edir və ABŞ rəsmilərindən atəşkəs razılaşması ilə bağlı cavab gözləyir. Lakin Ağ Ev rəhbərliyinin İranın təkliflərinə müsbət yanaşmadığı və cavab verməyə tələsmədiyi də gələn məlumatlar arasındadır:
“İranın irəli sürdüyü “yeddi bəndlik” plan havada, quruda və dənizdə atəşkəsin təmin edilməsini, Livanın da bu çərçivəyə daxil edilməsini, İranın dondurulmuş xarici aktivlərinin sərbəst buraxılmasını və İran neftinə tətbiq edilmiş embarqonun aradan qaldırılmasını nəzərdə tutur. Bunun qarşılığında İran Hörmüz boğazından gəmilərin sərbəst keçidinə icazə verəcəyini bildirir. Bu şərtlər daxilində ABŞ-nin atəşkəsə razılaşması olduqca çətin görünür. Belə bir razılaşma ABŞ-də ciddi etirazlara səbəb olmaqla yanaşı, təkcə Donald Trampın deyil, ümumilikdə Respublikaçılar Partiyasının siyasi gələcəyi üçün də ciddi risklər yarada bilər. Odur ki, hər iki tərəfin maksimalist mövqeyi və hakimiyyət maraqları yaxın perspektivdə Körfəzdə sülhün bərqərar olması ehtimalının aşağı olduğunu göstərir”.
Qiymət Mahir