Qarabağ idman mərkəzinə çevrilir: Həkəri çayında avarçəkmə həyəcanı yaşanacaq!
Laçında avarçəkmə yarışları təşkil oluna bilər - Həkəri çayında tədqiqatlar aparılır.
TodayPress TV “İdman.Biz”ə istinadən xəbər verir ki, hazırda Laçının Həkəri çayına mütəxəssislər tərəfindən baxış keçirilir.
Mütəxəssislər ərazidə avarçəkmə və kanoe idmanı üçün suyun axın sürətini, çay hövzəsinin eni və uzunluğunu, eləcə də suyun dərinliyini öyrənirlər. Əsas tələblərdən biri də suyun təmizliyidir. Şərait imkan verəcəyi təqdirdə Həkəri çayında da beynəlxalq yarışların keçirilməsi planlaşdırılır.
Azərbaycan Su İdmanı Federasiyası 2022-ci ildən etibarən işğaldan azad olunmuş ərazilərimizdə avarçəkmə və kanoe üzrə beynəlxalq tədbirlər həyata keçirir. Qarabağda qısa müddət ərzində yeni idman infrastrukturu qurulur. Avarçəkmə və digər yarışların azad edilən ərazilərdə təşkili regionun ümumi inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, hazırda “Mingəçevir Reqatası-2026” beynəlxalq turniri davam edir. Turnirdə Azərbaycanla yanaşı, Çexiya, Gürcüstan, Macarıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən çox gənc avarçəkən mübarizə aparır.
Namiq HUN