Bu şəxslər dövlət qulluqçusu ola bilməyəcək - SİYAHI
Milli Məclis bir sıra şəxslərin dövlət qulluğu vəzifəsini tuta bilməməsi haqda qadağanı ilk oxunuşda qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə dəyişikliyi nəzərdə tutan və yeni hazırlanmış Dövlət Qulluğu Məcəlləsinin layihəsi parlamentin payız sessiyasının bugünkü - ilk iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, aşağıdakı şəxslər dövlət qulluğu vəzifəsini tuta bilməzlər:
- digər dövlətin vətəndaşlığını qəbul etmiş və (və ya) digər dövlətlər qarşısında öhdəliyi olan şəxslər;
- fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilmiş şəxslər;
- məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan şəxslər;
- siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan xəstəlikləri ilə əlaqədar dövlət orqanlarında qulluq keçməyə uyğun olmayan şəxslər;
- qulluq funksiyalarının və vəzifələrinin yerinə yetirilməməsinə və ya lazımı şəkildə yerinə yetirilməməsinə, müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməməsinə görə dövlət qulluğuna xitam verilmiş şəxslər (6 (altı) ay ərzində);
- din xadimləri.
Qeyd edək ki, qüvvədə olan "Dövlət qulluğu haqqında" qanuna görə, hər hansı şəxs dövlət qulluğuna aşağıdakı hallarda qəbul edilə bilməz:
- onun fəaliyyət qabiliyyətinə malik olmaması və ya məhdud fəaliyyət qabiliyyətinə malik olması məhkəmənin qərarı ilə təsdiq edilərsə;
- məhkumluğu ödənilməmiş və ya götürülməmişsə;
- bilavasitə tabeliyində və ya nəzarəti altında işləyəcəyi dövlət qulluqçusu ilə yaxın qohumluq və ya qudalıq (ər-arvadlar, onların valideynləri, qardaşları, bacıları, övladları) əlaqəsi olduqda;
- barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olarsa;
- qanunvericiliklə müəyyən edilmiş başqa hallarda.
Onu da qeyd ək ki, sözügedən qanunda təsbit olunmuş 65 yaş məhdudiyyəti Dövlət Qulluğu Məcəlləsinin layihəsində də saxlanılır.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq ilk oxunuşda qəbul edilib.