ABŞ-dən özünə 250 illik yubiley “hədiyyəsi”: 4 iyulda Qrenlandiyanı nə gözləyir?
Təhlil
07.01.2026 21:00
Vaşinqton bu ilin 4 iyulunadək — ABŞ-nin 250 illik yubileyini qeyd edəcəyi tarixə qədər — Qrenlandiya üzərində nəzarət qurmağa çalışacaq. Bu barədə “Politico” nəşri yazıb.

Bəs bu iddia nə dərəcədə realdır?

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Əli Mustafa bildirib ki, Tramp Qrenlandiyanın ABŞ üçün strateji əhəmiyyətini təsdiqləyib:
"Hər şey mümkündür. Artıq Tramp bu barədə açıqlama verib. Daha əvvəl digər rəsmilər, məsələn, ABŞ dövlət katibi Marko Rubio da, belə bəyanatlar verib. Onlar bildirirlər ki, Qrenlandiya Amerikanın təhlükəsizliyi və Amerika üçün strateji baxımdan çox önəmlidir. Bunun üçün bütün imkanlardan istifadə olunacaq".
Onun sözlərinə görə, konkret olaraq, danışıqlar, razılaşmalar, satınalmalar və ya referendumlar mümkündür. Əgər bunlar alınmasa, digər yollar da istifadə oluna bilər.

Analitik qeyd edib ki, Qrenlandiya Amerikanın tərkibində qalmaqla xüsusi status alacaq:
"Bildirildiyinə görə, artıq Qrenlandiya ilə bağlı müəyyən işlər aparılır. Orada Qrenlandiyanı təmsil edən şəxslər fəaliyyət göstərir və işlər davam edir. Hətta ehtimal olunur ki, Qrenlandiyaya xüsusi bir status veriləcək və bu statusla Amerikanın tərkibində olacaq. Amerikada bəzi adaların özünəməxsus statusu olduğu kimi, Qrenlandiya da idarəetmədə müstəqil olsa da, Amerika tərkibində qalacaq".
Ekspertin qənaətincə, bu, çox önəmlidir. Qrenlandiyanın zəngin təbiəti və nadir ekosistemləri var. Ən başlıcası isə strateji mövqeyidir. Oradan keçəcək şimal dəniz yolu Amerika üçün böyük əhəmiyyət daşıyır.

Ə.Mustafa əlavə edib ki, ABŞ bu məsələdə qətiyyətlidir:
"Buna görə də görünür ki, bütün səylərə rəğmən Amerika Qrenlandiyanı əldə etməkdə qərarlıdır. Bu ya əhalisi ilə razılaşmaqla, ya da digər vasitələrlə həyata keçiriləcək. Amerika Qrenlandiyanı öz tərkibinə qatmaqda qətiyyətlidir. Vaxt məsələsi dəyişə bilər, amma onların qərarlılığı ortadadır".
&imwidth=800&imheight=600&format=webp&quality=medium)
Qeyd edək ki, Qrenlandiya Danimarka krallığına daxil olan muxtar ərazidir. Ağ Ev rəhbəri Donald Tramp həm 2017-2021-ci illərdə ilk prezidentliyi dövründə, həm də ikinci prezidentliyi dövründə dəfələrlə Qrenlandiyanın ABŞ-yə qatılmalı olduğunu bildirib. Danimarka tərəfi isə bu iddiaları rədd edib və adanın müdafiəsinin gücləndirilməsi istiqamətində addımlar atıb.
Jalə Rövşən
tag: ABŞ,Vaşinqton, Politoloq, Əli Mustafa,todaypress.tv,
