Zahid Oruc: "Azərbaycan xalqı etnik, dini və regional fərqlərdən asılı olmayaraq”

Zahid Oruc: "Azərbaycan xalqı etnik, dini və regional fərqlərdən asılı olmayaraq”
21.07.2026 10:39 Sosial

Son dövrlər Türkiyədə yaşayan Şəmsəddin Başak adlı şəxsin sosial şəbəkələrdə Azərbaycan, Türkiyə və regionun yaxın siyasi tarixi, o cümlədən Ümummilli Lider Heydər Əliyevin siyasi şəxsiyyəti haqqında müxtəlif iddialarının süni şəkildə siyasi gündəmə çevrilməsi əsaslandırılmış cavab reaksiyalarını zəruri edir.

Həmin şəxs klassik mənada tarixçi, siyasi tədqiqatçı, diplomat, dövlət xadimi və ya akademik ekspert sayılmır. Onun çıxışları elmi araşdırma, arxiv sənədləri və sistemli mənbəşünaslıqdan daha çox mifoloji libasa bürünən şəxsi xatirələrə, təsdiqlənməmiş məlumatlara, siyasi ehtimallara və sensasiya doğuran mülahizələrə əsaslanır. Şəmsəddin Başakın fikirlərini tarixi fakt və ya mötəbər ekspert adı ilə sosial mediada tirajlamaq Azərbaycana qarşı hibrid savaş aparanların maraqlarına xidmət edir.

TodayPress TV xəbər verir ki, bu barədə Milli Məclisin komitə sədri Zahid Oruc deyib.

Açıq internet mənbələrində onun adı həm Şemsettin Başak, həm də Şemseddin Başak formasında göstərilir. Bioqrafik məlumatlar ziddiyyətli, natamam və əsasən bir-birini təkrarlayan aşağı nüfuzlu internet saytlarında yayılıb. Həmin materiallarda onun 1958-ci ildə Sivasda doğulduğu, Sipki və Buruki tayfa birlikləri ilə bağlı olduğu, sahibkarlıq fəaliyyəti göstərdiyi və "HKBD Barış Başkanı" titulundan istifadə etdiyi bildirilir. 

Lakin məlumatları təsdiqləyən dolğun rəsmi bioqrafiya, dövlət reyestri məlumatı, akademik profil və ya nüfuzlu media dosyesi aşkar edilməyib.

Başak sosial media hesablarında özünü müxtəlif vaxtlarda "HKBD Barış Başkanı", "Ağrı Kürdistan öndəri", sülh və kürd hüquqları uğrunda mübarizə aparan şəxs kimi təqdim edir. Son paylaşımlarında açıq şəkildə "müstəqil Kürdüstan" çağırışları edir. Terrorsuz Türkiyə siyasətini ölkənin bir nömrəli dövlət kursuna çevirən AKP iqtidarının belə bölücülüyə və separatizmə qarşı dövlətimizlə vahid mövqedən cavab verəcəyi şübhə doğurmur.

Başakın ictimai statusu ilə bağlı faktlarda ziddiyətlər aydın görünür. Onun böyük holdinq sahibi, nüfuzlu iş adamı, müxtəlif iqtisadi təşkilatların rəhbəri və geniş beynəlxalq əlaqələrə malik şəxs olması etibarlı korporativ hesabatlar, rəsmi təşkilat saytları və müstəqil biznes mənbələri ilə təsdiq olunmur. Sipki və Buruki birliklərinin ümumi sayının beş milyondan çox olması, yalnız İstanbulda bir milyon nümayəndəsinin yaşaması kimi rəqəmlər rəsmi demoqrafik statistika ilə uyğunsuzluq təşkil edir.

O, müxtəlif dövlət və siyasi xadimlər haqqında ağır ittihamlar irəli sürür, ölüm, sui-qəsd, gizli razılaşma və siyasi xəyanət mövzularında açıqlamalar verir. Məsələn, keçmiş Türkiyə Prezidenti Turqut Özalın ölümünə görə sabiq baş nazir Məsut Yılmazı ittiham edən material yayıb. Lakin iddiaların sübut olunmuş məhkəmə hökmü və ya yekun rəsmi istintaq nəticələri yoxdur. Başak özünün və ya tanıdığı şəxslərin hadisələrdə epizodik iştirakını əsas gətirərək geniş siyasi nəticələr çıxarır. Şəxsi xatirələr paralel mənbələr olmadan bütöv tarixi hadisələri qiymətləndirmək üçün meyar ola bilməz.

Şəmsəddin Başakın açıqlamalarında Ulu öndər Heydər Əliyevin şəxsiyyətinə atılan böhtanlar uzun illər Azərbaycanın düşmənlərinin apardığı kampaniya ilə eyniyyət təşkil edir. Türkiyənin müəyyən dövlət və siyasi dairələrinin Heydər Əliyevə qarşı sui-qəsd hazırlaması və Ümummilli liderlə qardaş ölkənin ayrı-ayrı siyasi şəxsləri arasındakı münasibətlərin gizli qarşıdurma kimi təqdim edilməsi arxiv sənədləri, hüquq-mühafizə orqanlarının materialları və şahid ifadələrinin yoxlanılmış məcmusu olmadığından tamamilə iftira xarakteri daşıyır.

Ulu öndərin hakimiyyəti dövründə Azərbaycan–Türkiyə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib, "bir millət, iki dövlət" prinsipinə söykənib, Bakı–Tbilisi–Ceyhan layihəsi ilə enerji müttəfiqliyinə çevrilib, hərbi, siyasi, iqtisadi və mədəni əməkdaşlıqla möhkəmlənib. 

İki ölkənin yeni siyasi tarixində müstəsna səhifə açan 29 oktyabr 1998-ci il səfəri ilə Heydər Əliyev Türkiyə Böyük Millət Məclisində Ankara Bəyannaməsinin imzalanması mərasimində parlaq çıxış edib. Ulu öndər Qurtuluş Savaşının lideri və Cümhuriyyətin banisi Mustafa Kamal Atatürkün dövlətçilik irsinə ehtiramla yanaşdığını bəyan edərək yeni müstəqillik qazanan keçmiş sovet respublikaları üçün həmin mirasın tükənməz sərvət olduğunu bəyan edib.

2000-ci illərin sonu və yeni əsrin əvvəllərində türk dünyasının mənəvi və siyasi gücünün birləşdirilməsi üçün yaradılan Türksoy, Türk dilli dövlətlər Birliyi sonrakı illər qardaş ölkələrinin liderləri, xüsusilə prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi təşəbbüsləri ilə güclü regional-beynəlxalq təşkilat səviyyəsinə çatıb. 

Heydər Əliyevin Türkiyənin müəyyən hakimiyyət təmsilçiləri ilə ayrı-ayrı məsələlərdə fikir ayrılığı yaşaması mümkün və dövlətlərarası münasibətlər üçün təbii haldır. Lakin belə epizodlardan Azərbaycan–Türkiyə münasibətlərinin düşmənçilik üzərində qurulduğu nəticəsini çıxarmaq tarixi faktların məqsədli şəkildə təhrifidir. 

Dövlət rəhbərlərinin şəxsi münasibətləri onların imzaladığı müqavilələr, yaratdığı institutlar, həyata keçirdiyi layihələr və verdiyi strateji qərarlar tarixi siyasətin əsas ölçüsüdür. Ona görə Heydər Əliyev müstəqil Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyinin əsas qurucularından biridir.

Etnik mənşə iddiasının mötəbər genealoji, arxiv və bioqrafik araşdırma ilə yox, siyasi kimlik quruculuğuna xidmət etdiyi son 30 ildə dəfəflərlə təsdiqlənib. Tarixi şəxsiyyətlərin siyasi irsini müəyyən etnik hərəkatın simvoluna çevirmək, onun milli dövlətçilik fəaliyyətini etnik çərçivəyə salmaq, Azərbaycan milli kimliyi daxilində süni şəkildə parçalanmalar yaratmaq min illərlə formalaşan azərbaycanlıları vahidliyinə zərbə vura bilməz. 

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur, onun tükənməz irsini başqa bir siyasi-etnik layihənin tərkib hissəsi kimi təqdim etmək Qələbəmizə və suverenliyə gələn yola düşmən kəsilən qüvvələrlə bir səngərdə dayanmaq deməkdir. 

Azərbaycan–Türkiyə münasibətlərinin tarixinə inamsızlıq aşılamaq, iki ölkə arasında qarşıdurma görüntüsü yaratmaq, Azərbaycan cəmiyyətində kimlik və etnik mənşə mübahisələri formalaşdırmaq, faktoloji əsası olmayan fikirləri “gizli tarix” adı ilə təqdim etmək hazırda Avropa paytaxtlarında türk düşmənçiliyi layihələri hazırlayan qüvvələrlə eyni məqsədə xidmət edir. 

Başakın hansı təşkilat və ya siyasi mərkəzin tapşırığı ilə fəaliyyət göstərdiyi bəllidir. Müşahidə olunan əsas təhlükə ondan ibarətdir ki, təsdiqlənməmiş fikirlərdən istifadə edilməklə Azərbaycanda süni şəkildə “kürd məsələsi” formalaşdırılmaq, vaxtilə “Kürdüstan dövləti” layihəsinə dəstək verdildiyinə dair saxta iddialar yaymaq Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbənin vahid milli xarakterinə kölgə salmaq deməkdir, dövlət rəhbərliyi ilə Azərbaycan xalqı arasında etnik mənsubiyyət üzərindən süni məsafə formalaşdırmağa edilən uğursuz cəhdlərdir.

Etnik mənşə iddiasının mötəbər genealoji, arxiv və bioqrafik araşdırma ilə yox, siyasi kimlik quruculuğuna xidmət etdiyi son 30 ildə dəfələrlə təsdiqlənib. Tarixi şəxsiyyətlərin siyasi irsini müəyyən etnik hərəkatların simvoluna çevirmək, Azərbaycan milli kimliyi daxilində süni şəkildə parçalanmalar yaratmaq min illərdir formalaşan azərbaycanlıların-xalqımızın vahidliyinə zərbə vura bilməz. 

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətinin memarı və qurucusudur - onun irsini başqa bir siyasi-etnik layihənin tərkib hissəsi kimi təqdim etmək Qələbəmizə və suverenliyə düşmən kəsilən qüvvələrlə bir səngərdə dayanmaq deməkdir.

Çirkli kampaniyanın əsas məqsədi Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Qələbəni milli birlik və dövlətçilik hadisəsi olmaqdan çıxararaq onu etnik mənsubiyyət mübahisəsinin predmetinə çevirməkdir. Halbuki 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqı etnik, dini və regional fərqlərdən asılı olmayaraq vahid dövlət, tək bayraq və Bir Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ətrafında birləşib. Şəhidlər və qazilər arasında Azərbaycanın bütün xalqlarının və etnik qrupların nümayəndələri var. 

Belə ritorika məqsədli şəkildə Azərbaycanın milli birliyinin əsaslarına zərbə vurmağa yönəlir və uzun illər xalqımızın düşmənlərinin formalaşdırdığı təbliğat tezislərinə xidmət edir. 

15 iyun Şuşa bəyannaməsinin imzalanması Vətən müharibəsində Qələbənin bütün türk dünyasının Zəfəri olduğunun təsdiqidir.

Azərbaycan dövlətçiliyinin siyasi və hüquqi mahiyyəti vahid vətəndaşlıq, dövlətçilik və azərbaycançılıq prinsiplərinə əsaslanır. Xalqımızın tarixi gücü müxtəlif etnik və dini icmaların vahid dövlət və milli maraqlar ətrafında birləşməsindən qaynaqlanır.

Ona görə də Şəmsəddin Başakın bütün iddialarının tam siyahısı hazırlanması, onun fikirlərinin Azərbaycanda hansı səhifələr və siyasi qruplar tərəfindən tirajlandığının öyrənilməsi, eyni tezislərin koordinasiyalı mənbədən yayılıb-yayılmadığının araşdırılması, etnik mənsubiyyətin siyasi ittiham vasitəsi kimi istifadəsinin təhlükələri barədə cəmiyyətimizə daim açıqlamaların verilməsi vacibdir. 

Azərbaycan–Türkiyə qardaşlığına kölgə salmaq və tarixi Qələbəmizin ümummilli mahiyyətini zəiflətmək istəyən qüvvələrə qarşı hər bir azərbaycanlının müqəddəs borcu dövlətçiliyimizi, milli birliyimizi və Zəfərimizin həqiqi mahiyyətini qorumaqdan ibarətdir.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər