Sərnişinləri qatara buraxmadılar - Bakı-Sumqayıt qatarında hadisə - AÇIQLAMA
Sentyabrın 21-də Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarının cədvəlində gecikmə baş verib.
TodayPress TV xəbər verir ki, sərnişinlərin verdiyi məlumata görə, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:40-da yola düşməli olan qatar vaxtında hərəkət etməyib.
Vağzal tərəfindən öncədən heç bir xəbərdarlıq edilmədiyi üçün sərnişinlər saat 08:52 qatarına minmək məcburiyyətində qalıblar.
Nəticədə iki qatarın sərnişin sıxlığı bir qatara toplanıb.
Sərnişinlərin bildirdiyinə görə, 08:52 qatarı yola düşdükdən cəmi iki dəqiqə sonra — saat 08:54-də gecikən 07:40 qatarı xəttə buraxılıb.
Operativ və düzgün məlumatlandırılma aparılmadığı üçün qatarlardan biri həddindən artıq dolu, digəri isə demək olar ki, boş hərəkət edib.
Məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) sorğumuza cavab olaraq bildirilib ki, saat 07:50-də Sumqayıt-Pirşağı-Bakı xətti ilə hərəkət etməli olan qatarda texniki nasazlıq yarandığına görə təhlükəsizlik məqsədilə həmin reys ləğv edilib, sərnişinlər digər reysə yönləndirilib.
Nasazlıq aradan qaldırıldıqdan sonra saat 09:02-də Sumqayıt-Pirşağı-Bakı istiqamətində əlavə reys təyin olunub.
Jalə Rövşən