Naxçıvanda nə baş verir? - Məmurdan sensasion məktub

Naxçıvanda nə baş verir? - Məmurdan sensasion məktub
20.07.2026 12:39 Sosial

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş Sədr müavini Anar İbrahimov Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TodayPress TV xəbər verir ki, Anar İbrahimov sosial şəbəkə hesabında paylaşdığı açıqlamada indiki dövrdə heç kimin işini itirməsini arzulamadığını, lakin dövlətçiliklə fərdi maraqlar arasında seçim məqamında hər bir vətəndaşın dövlətin yanında olmalı olduğunu qeyd edib.


Keçmiş Sədr müavini bildirib ki, Naxçıvandakı nümayəndəliyin əməkdaşlarının işdən uzaqlaşdırılması ilə bağlı məlumatlar ictimaiyyətə fərqli şəkildə təqdim olunur. O, həmin şəxslərin Naxçıvana gətirilməsi prosesində keçmiş nümayəndənin roluna diqqət çəkərək, bu məsələ ilə bağlı Prezidentin mövqeyinin məlum olduğunu vurğulayıb.

Anar İbrahimov, həmçinin qeyd edib ki, sözügedən kadrların seçimi zamanı dövlətçilik və meritokratik prinsiplərin deyil, şəxsi yanaşmaların əsas götürüldüyünü iddia edib.

O, Naxçıvanda qısa müddət Ali Məclisə rəhbərlik etdiyi dövrdən bir hadisəni də xatırladaraq, Ali Məclisin binasında yay şortunda və şapşaplarla hərəkət edən bir şəxslə qarşılaşdığını, sonradan həmin şəxsin Səlahiyyətli Nümayəndəliyin əməkdaşı olduğunu öyrəndiyini bildirib.

“Dövlətdə işləmək, insanlarla təmasda olmaq üçün gərək müəyyən bir məktəb keçəsən, yol gələsən. Ən əsası, işlədiyin yeri, yurdu özünə müvəqqəti qazanc və əyləncə yeri yox, Vətən biləsən!” – deyə o qeyd edib.

Paylaşımında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəsi Ceyhun Cəlilovun fəaliyyətinə də toxunan Anar İbrahimov onun üzərinə düşən vəzifələrin ağır olduğunu bildirib.

“Ceyhun müəllimin işi isə həqiqətən çox ağırdır. O da Naxçıvanda həmin "dahilərlə" birgə işlədiyi üçün vəziyyəti daxildən yaxşı bilir. Amma nəyin bahasına olursa-olsun, kimsə Naxçıvanı bu zir-zibildən təmizləməlidir!” – deyə Anar İbrahimov paylaşımında vurğulayıb.

Keçmiş Sədr müavini fikirlərinin sonunda, “Kökü xarab olan, quruyan ağacı budamazlar – bunun heç bir xeyri yoxdur, bütün budaqları onsuz da eyni gündədir. Belə ağacı ən yaxşısı elə dibindən kəsib atmaqdır” ifadələrini işlədib.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Naxçıvanda nə baş verir? - Məmurdan sensasion məktub — 1
XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər