TƏBİB-in İcraçı direktoru: “2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb”
Sağlamlıq
19.12.2025 12:55
“2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya və digər tibbi avadanlıqlar üzrə təminat layihələri icra olunub”.
TodayPress TV xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair” brifinqdə deyib.
Onun sözlərinə görə, tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş 2 449 tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb:
"Cari müddət ərzində alınan avadanlıq və cihazların ümumi məbləği təxminən 32 milyon manat təşkil edib. TƏBİB-in tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir".
Vüqar Qurbanov qeyd edib ki, hemofiliya dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur. O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə “Genexpert” testləri tətbiq edilir və bu çərçivədə 11 200 test icra olunub.
Ölkədə ilk dəfə “Autoimmun laboratoriyası” yaradılıb. Hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, Yeni Klinika və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir:
"Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda 5 müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur.
Qeyd edim ki, 2020-ci ildən etibarən bu vaxta qədər TƏBİB-in tabeliyində olan heç bir tibb müəssisəsinin laboratoriyalarında PZR laboratoriyası fəaliyyət göstərməyib".
Türkan İsgəndərli
tag: Vüqar Qurbanov,TƏBİB,Tədbir,Çıxış,Todaypress.tv,
