Qadınlar insultdan sonra gündəlik işlərə niyə gec qayıdır?
Sağlamlıq
18.12.2025 18:45
Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, qadınlar insultdan sonra gündəlik fəaliyyətləri yerinə yetirməkdə kişilərə nisbətən daha yavaş bərpa olunurlar.
TodayPress TV xəbər verir ki, araşdırmanın nəticələri "Neurology" jurnalında dərc edilib.
Tədqiqatda ilk dəfə işemik insult keçirmiş 1046 nəfərin məlumatları təhlil olunub. İştirakçıların orta yaşı 66 olub. Alimlər insultdan üç, altı və 12 ay sonra onların sağlamlıq vəziyyətini və həyat keyfiyyətini qiymətləndiriblər.
Araşdırma zamanı yemək hazırlamaq, geyinmək, ev işləri görmək və avtomobil sürmək kimi gündəlik fəaliyyətlərə xüsusi diqqət yetirilib. Nəticələr göstərib ki, bütün mərhələlərdə qadınlar kişilərə nisbətən daha çox çətinlik yaşayıblar. Bu isə funksional sağalmanın qadınlarda daha ləng getdiyini göstərir.
Zamanla qadınlarda da irəliləyiş müşahidə olunsa da, fərq tam aradan qalxmayıb. Yaş, təhsil, sosial vəziyyət və sığorta kimi amillər nəzərə alındıqdan sonra belə, qadınların göstəriciləri daha zəif qalıb.
Bununla yanaşı, nitq və sadə hərəkətlər kimi digər nevroloji funksiyalarda qadınlar və kişilər arasında ciddi fərq aşkarlanmayıb.
Alimlər bildirirlər ki, qadınlar üçün reabilitasiya proqramları hazırlanarkən fiziki güc tələb edən fəaliyyətlərə – əzələ möhkəmləndirmə məşqlərinə, ev işlərinə və gündəlik fiziki aktivliyə daha çox diqqət yetirilməlidir.
Türkan İsgəndərli
tag: Qadın,İnsult,Alim,İş,Todaypress.tv,
