Diqqət!: Uşaqlarda böyrək daşının səbəbi açıqlandı

Sağlamlıq

11.11.2025 19:30

Uşaqlarda yanlış qidalanma böyrək daşlarının yaranma riskini artırır.

TodayPress TV "Haber Türk"ə istiandən xəbər verir ki, Zonguldak Bülent Ecevit Universiteti Xəstəxanasının Urologiya şöbəsinin müdiri, professor Necmettin Aydın Mungan səhv və qeyri-sağlam qidalanmanın uşaqlarda böyrək daşlarının əsas səbəblərindən biri olduğunu deyib.

Onun sözlərinə görə, böyrək daşlarının yaranması sidikdə kalsium, oksalat, sidik turşusu kimi maddələrin artması ilə bağlıdır. Uşaqlarda ən çox rast gəlinən növ kalsium oksalat daşlarıdır və qidalanma bu prosesdə mühüm rol oynayır.

Mütəxəssis qeyd edib ki, kifayət qədər su içməyən uşaqlarda daş riski artır. Bu səbəbdən hər kiloqram çəkiyə 50–60 millilitr maye qəbulu tövsiyə olunur.

Mungan həmçinin vurğulayıb ki, süd və süd məhsullarının qəbulu azaldılmamalıdır, çünki kalsium orqanizmdə oksalatın atılmasına kömək edir. İspanaq, şokolad və bəzi qoz-fındıq növlərinin çox istifadəsi isə oksalat daşlarının yaranmasına şərait yarada bilər.

Onun sözlərinə görə, duz, qazlı və şəkərli içkilər, eləcə də işlənmiş qidalar böyrək daşı riskini yüksəldir. Həm zülalın çoxluğu, həm də zülalın kifayət qədər olmaması daş əmələ gətirə bilər.

Professor bildirib ki, Türkiyədə uşaqlarda böyrək daşlarına təxminən 1 faizlik rastgəlmə var və daha çox 3–11 yaş arası uşaqlarda müşahidə olunur. O, sağlam qidalanma və kifayət qədər maye qəbulunun əksər hallarda bu xəstəliyin qarşısını ala biləcəyini qeyd edib.

Jalə Rövşən

TodayPress TV


tag: Böyrək daşı,Pəhriz ,Qidalanma,Uşaq ,Todaypress.tv,