Kamoliddin Orinbayev: “Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək böyük məsuliyyətdir”

Mədəniyyət

14.12.2025 23:13

“Azərbaycan və Özbəkistan xalqlarının qəlbi, düşüncəsi, dili, dini və hətta musiqi duyumu bir-birinə çox yaxındır”.

TodayPress TV xəbər verir ki, bu sözləri Özbəkistanın Xalq artiti, Gənclər Simfonik Orkestrinin təsisçisi, bədii rəhbəri və baş dirijoru Kamoliddin Orinbayev Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin rəsmi açılış mərasimində səsləndirib.

O bildirib ki, konsertdə orkestrin üzvləri və ifaçılar öz yaradıcılıq baxışlarını, hiss və duyğularını Azərbaycan xalqına, onun göstərdiyi sevgi və diqqətə həsr ediblər. Kamoliddin Orinbayev bildirib ki, xalq artistləri və peşəkar musiqiçilər sənətlərini nümayiş etdirmək üçün xüsusi olaraq Bakıya gəliblər.

Dirijor qeyd edib ki, Özbəkistan mədəniyyətinin məhz Heydər Əliyev Mərkəzində təqdim olunması onlar üçün böyük qürur və şərəfdir:

“Azərbaycan cəmiyyəti incəsənəti dərinliklə sevən və musiqini yüksək səviyyədə dəyərləndirən xalqlardandır. Azərbaycan tamaşaçısı qarşısında çıxış etmək, öz musiqi nümunələrimiz və melodiyalarımızı təqdim etmək böyük məsuliyyət tələb edir”.

Kamoliddin Orinbayev iki xalq arasındakı yaxın münasibətlərə də toxunaraq bildirib ki, azərbaycanlılar Özbəkistanda hər zaman doğma insanlar kimi qarşılanırlar:

Bakıya, Füzuliyə və ölkənin digər bölgələrinə səfər etdikdə özümüzü evimizdə kimi hiss edirik. Bunun səbəbi Azərbaycan xalqının səmimiyyəti, geniş ürəyi və özbək xalqına bənzər xarakteridir”.

Sonda dirijor Azərbaycan və Özbəkistan xalqlarına minnətdarlığını ifadə edərək iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daim möhkəm qalmasını arzulayıb. O, gələcəkdə də bayramlarda, mötəbər səhnələrdə bir araya gələrək sənətlərini birlikdə nümayiş etdirməyin nəsib olmasını diləyib.

Qiymət Mahir

TodayPress TV

tag: Kamoliddin Orinbayev ,Özbəkistan,Azərbaycan ,Özbəkistan Mədəniyyət Günləri,Todaypress.tv,