Unikal bank əmanətçilərinin sayı 200 minə yaxınlaşdı

Maliyyə

04.02.2026 14:25

2025-ci ilin yekununda Azərbaycanda təxminən 194 min unikal bank əmanətçisi olub ki, bu da 2024-cü ilin yekunu ilə müqayisədə 81,3 % çoxdur.

TodayPress TV xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"İl ərzində müddətli depozitlərin artımı da sürətlənib. 2024-cü ildə artım 1,8 milyard manat təşkil etdiyi halda, 2025-ci ildə 2,3 milyard manat olub. Bu, bank sektoruna inamın güclənməsi, sektorun əhalini özünə daha çox cəlb etməsinin göstəricisidir", - deyə o qeyd edib.

T.Kazımov Azərbaycanda əmanətlərin sığortalanması faizinin yeni metodologiya ilə müəyyən edilməsinə də münasibət bildirib: "Biz bu yanaşmanı öz təşəbbüsümüzlə, Əmanətlərin Sığortalanması Fondu (ƏSF) ilə çox sıx əməkdaşlıq şəraitində həyata keçirmişik. İstəyimiz o idi ki, şəffaf, hamının başa düşdüyü bir qayda formalaşdırılsın. Çünki vaxtilə mənim üçün də həmişə sual idi ki, sığortalanma faizi niyə 12 %-dir? Biz bunu bir qayda formasına saldıq ki, hamı başa düşsün ki, faiz dəyişirsə, niyə dəyişir?"

Bundan başqa, onun sözlərinə görə, gələn il AMB ƏSF-yə ödənişlərin bankların risk profilindən asılı olaraq diferensiallaşması ilə bağlı müzakirələrə yenidən başlayacaq: "Bu sahədə müzakirələrimiz həm AMB-nin daxilində, həm də Fondla gedir. Bildiyiniz kimi, bu ildən başlayaraq risk əsaslı tənzimləməyə keçirik. Bütün bankları bu yanaşma əhatə edəcək. ​Digər tərəfdən ƏSF ilə risk əsaslı təqvim haqlarının formalaşdırılmasını da müzakirə edirik. Amma hər hansı konkret tarix yoxdur ki, biz bunu nə vaxta qədər edəcəyik".

TodayPress TV

tag: Bank,Əmanət,Say,Artım,Todaypress.tv,