Yumurta niyə bahalaşıb?
İqtisadiyyat
25.11.2025 15:08
Son günlər mağaza və yarmarkalarda yumurtanın qiymətində artım müşahidə olunur.
Broyler yumurtası 20 qəpiyə satıldığı halda, kənd yumurtasının qiyməti 40-45 qəpiyə yüksəlib.
Bəs bahalaşma nə ilə bağlıdır?
Mövzu ilə bağlı TodayPress TV-yə danışan iqtisadçı Akif Nəsirli bildirib ki, yumurtanın qiymətindəki son artım əsasən bir neçə amillə bağlıdır:

“İlk olaraq, quşçuluq təsərrüfatlarında ən böyük xərc yemdir. Arpa, qarğıdalı kimi yem məhsullarının bahalaşması istehsalçıların ümumi xərclərini artırır və bu, yumurtanın satış qiymətinə təsir edir. Soyuq mövsümdə istehsalın azalması, quşların daha az yumurtlaması, istilik və enerji xərclərinin yüksəlməsi də qiymət artımına səbəb olur. Bundan başqa, daşınma və yanacaq qiymətlərində artım logistika xərclərini yüksəldir və nəticədə bu da son qiymətə yansıyır”.
İqtisadçının sözlərinə görə, yumurtaya tələbatın artması da qiymətlərə təsir edir.
“Məsələn bayramlar və ya mövsümi bişirmə vaxtları da qiymətləri qaldıra bilir. Əksər təsərrüfatlarda xəstəliklər və istehsalın azalması bazarda yumurta təklifini azaldır və qiymətlər yüksəlir. İdxaldan asılı olan yem və dərmanların dəyərinə valyuta məzənnəsinin təsiri də maya dəyərini artıran başqa bir amildir. Bu amillərin birlikdə təsiri nəticəsində həm broyler, həm də kənd yumurtasının qiymətində artım müşahidə olunur”, - deyə Akif Nəsirli qeyd edib.
Türkan İsgəndərli
tag: Akif Nəsirli,Ekspert,Yumurta,Bahalaşma,Todaypress.tv,
