Çin ən ucuz humanoid robotu təqdim etdi
İKT
16.12.2025 19:30
Çinin "Songyan Power" şirkəti ev və təhsil üçün nəzərdə tutulmuş Bumi adlı humanoid robotunu elan edib.
TodayPress TV xəbər verir ki, qiyməti 9 998 yuan (təxminən 1 400 dollar) olan Bumi hazırda bazarda ən ucuz humanoid robot hesab olunur.
Satışlara 2026-cı ilin yanvarında başlanması planlaşdırılır.
İstehsalçının məlumatına görə, Bumi tam ölçülü humanoiddir və yerimə, qaçma, rəqs etmə, səs əmrlərinə cavab vermə və sadə tapşırıqları yerinə yetirmə qabiliyyətinə malikdir. Robotu proqramlaşdırmaq üçün dərin texniki biliklər tələb olunmur, idarəetmə intuitiv interfeys üzərindən həyata keçirilir.
Bumi əsasən təhsil və ev istifadəsi üçün nəzərdə tutulub. O, uşaqlara dərslərdə kömək edə, əyləncə məqsədilə istifadə oluna və sadə məişət işlərini görə bilər.
Mütəxəssislər hesab edirlər ki, Bumi kimi ucuz humanoidlər robotların gündəlik həyata daha tez daxil olmasına şərait yarada bilər. Bununla yanaşı, aşağı qiymətin material keyfiyyəti və təhlükəsizliklə bağlı risklər yarada biləcəyi də istisna edilmir.
Türkan İsgəndərli
tag: Çin,Robot,Humanoid,Bumi,Todaypress.tv,
