"Apple A15" və "A18 Pro" yeni "MacBook"ları sınaqdan keçirdi

İKT

18.12.2025 19:00

"Apple" "iPhone 14"də istifadə olunan "A15 Bionic" prosessoru ilə işləyən eksperimental noutbuku test edib.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatlar "Apple" mühəndisləri üçün nəzərdə tutulmuş daxili sazlama fayllarının sızması nəticəsində üzə çıxıb.

Sənədlərdə “mac14p” adlı konfiqurasiya qeydiyyatı yer alır və bu, "A15" çipli "MacBook"a aid edilir. Məlumata görə, "J267" kod adlı bu cihaz sınaq platforması kimi istifadə olunub.

Eyni fayllarda daha ətraflı təsvir edilən başqa bir noutbuk da var. "J700" kod adlı bu model "A18 Pro" prosessoru ilə təchiz olunub və "MediaTek Sunrise" simsiz alt sistemi də daxil olmaqla daha inkişaf etmiş konfiqurasiyaya malikdir. Bu isə onun real məhsul kimi təqdim olunmağa daha yaxın olduğunu göstərir.

"MacRumors" bildirir ki, "A15" prosessorlu "MacBook"un satışa çıxması ehtimalı azdır. Çünki bu çip 2026-cı ilə qədər artıq köhnəlmiş hesab olunacaq. Bu modelin əsas məqsədi "A18 Pro" əsaslı daha ucuz "MacBook" üçün texnologiyaların sınaqdan keçirilməsi olub.

Türkan İsgəndərli

TodayPress TV

tag: Apple,iPhone,Macbook,Noutbuk,Todaypress.tv,