Onur Quluzadə kürsüyə yüksəlməyi bacardı!
Azərbaycanın gənc stolüstü tennisçisi Onur Quluzadə növbəti uğuruna imza atıb.
TodayPress TV xəbər verir ki, idmançımız İsveçin Helsinborq şəhərində keçirilən “WTT Youth Contender” turnirində uğurlu çıxış edərək mükafatçılar sırasında yer alıb.
Milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi altında yarışa qatılan Onur Quluzadə qrup mərhələsində İsveç və Fransa təmsilçilərinə qalib gələrək qrup lideri kimi pley-offa yüksəlib.
Tennisçimiz uğurlu çıxışını növbəti mərhələlərdə də davam etdirərək İsrail və Lüksemburq idmançılarını məğlub edib. O, yalnız yarımfinalda Fransa təmsilçisinə uduzub və turniri üçüncü pillədə başa vuraraq bürünc medal qazanıb.
Qeyd edək ki, istedadlı idmançı hazırda Halmstad şəhərində keçirilən və iyunun 13-dək davam edəcək Beynəlxalq Stolüstü Tennis Federasiyasının təlim-məşq toplanışında iştirak edir.
Namiq HUN