Lider üçün gözlənilməz zərbə: Nikola Tsolov Bakı trasında qəzaya düşərək yarışdan kənarlaşdı!
“Formula-2” üzrə Azərbaycan Qran-prisinin ilk əsas yarışında re-start zamanı kütləvi qəza baş verib. Üçüncü döngəyə daxil olarkən Kian Şildsin Con Bennetlə toqquşması zəncirvari qəzaya səbəb olub və arxadan gələn pilotlar yayınmağa imkan tapmayıblar.
TodayPress TV xəbər verir ki, hadisə nəticəsində 6 pilot mübarizəni vaxtından əvvəl dayandırmalı olub.
Mübarizədən kənarda qalanlar arasında Ritomo Miyata, Laurens Van Hopen, Coşua Dürksen və çempionatın lideri Nikola Tsolov da var. Bu uğursuzluqdan sonra Tsolovun ümumi hesabdakı liderliyini Rafaele Kamaraya əldən verəcəyi gözlənilir.
Qeyd edək ki, Bakıda “Formula-2” həftəsonu genişləndirilmiş formatda keçirilir. Cümə günü sprint və ilk əsas yarışdan sonra, şənbə günü səhər ikinci əsas yarış baş tutacaq. İkinci yarışın start düzülüşü cüməşənbə günü keçirilmiş ikinci təsnifat sessiyasının nəticələrinə əsasən müəyyənləşdiriləcək.
Namiq HUN