Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya
Rusiyalı tennisçi korrupsiya və mərc qaydalarını pozduğuna görə uzunmüddətli diskvalifikasiya alıb.
TodayPress TV xəbər verir ki, Beynəlxalq Tennis Dürüstlüyü Agentliyi (ITIA) Anastasiya Suxotinanı 4 il 10 ay müddətinə yarışlardan kənarlaşdırıb.
26 yaşlı tennisçi 2019–2024-cü illər ərzində baş vermiş səkkiz qayda pozuntusunu etiraf edib. O, tennis oyunlarına mərc etməkdə, digər idmançıları ələ almağa cəhd göstərməkdə və sübutları gizlətməkdə təqsirli bilinib.
ITIA-nın qərarına əsasən, Anastasiya Suxotinanın diskvalifikasiya müddəti 2031-ci il iyulun 16-da başa çatacaq. Bundan əlavə, tennisçi 30 min ABŞ dolları məbləğində cərimə ödəyəcək.
Qeyd edək ki, diskvalifikasiya dövründə Suxotina nə yarışlarda iştirak edə, nə məşqçi kimi fəaliyyət göstərə, nə də “Böyük Dəbilqə”, ATP, WTA, World Tennis və milli federasiyaların təşkil etdiyi turnirlərdə iştirakçı və ya rəsmi şəxs qismində yer ala biləcək.
Namiq HUN