Futbolda yeni era: mundialda bir çox qayda dəyişir!
DÇ-2026-da bir sıra yeni futbol qaydaları tətbiq olunacaq.
TodayPress TV xəbər verir ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi 2026-cı il FIFA Dünya Kubokunda oyun qaydalarına bir sıra yeniliklər tətbiq olunacaq.
Bildirilib ki, International Football Association Board (IFAB) tərəfindən təsdiqlənən dəyişikliklər ilk dəfə mundialda rəsmi şəkildə qüvvəyə minəcək. Yeniliklər topun oyuna daxil edilməsindən tutmuş əvəzetmələrə, VAR sisteminə və intizam tədbirlərinə qədər bir çox sahəni əhatə edir.
Yeni qaydalara əsasən, vaxt itkisi hallarının qarşısını almaq üçün topun oyuna qaytarılması və qapı zərbələrinin yerinə yetirilməsi zamanı vaxt məhdudiyyətləri tətbiq olunacaq. Hakimlər son 5 saniyədə geri sayım aparacaqlar. Müəyyən olunmuş müddət ərzində top oyuna daxil edilməzsə, top rəqib komandaya veriləcək. Qapı zərbəsinin gecikdirilməsi isə rəqibin künc zərbəsi qazanması ilə nəticələnə bilər.
Əvəzetmələr də daha sürətli həyata keçirilməlidir. Yeni qaydaya görə, dəyişiklik 10 saniyə ərzində tamamlanmalıdır. Vaxt limiti keçilərsə, oyuna daxil olacaq futbolçu növbəti oyun dayanmasını gözləməli olacaq və həmin müddətdə komandası meydanda azlıqda qalacaq.
Zədə səbəbindən oyunu dayandıran və müalicə almaq üçün meydanı tərk edən futbolçular da dərhal oyuna qayıda bilməyəcəklər. Onlar ən azı bir dəqiqə gözlədikdən sonra yenidən meydançaya daxil ola biləcəklər.
İntizam qaydalarında da sərtləşdirmələr nəzərdə tutulub. Mübahisə və ya gərgin epizodlar zamanı danışarkən ağızlarını əlləri, qolları və ya köynəkləri ilə örtən futbolçular qırmızı vərəqə ilə cəzalandırıla bilərlər. Həmçinin hakimin qərarına etiraz əlaməti olaraq meydanı tərk edən oyunçular və buna təşviq edən texniki heyət üzvləri də birbaşa qırmızı vərəqə ala bilərlər.
Bundan əlavə, FIFA dünya çempionatında VAR sisteminin səlahiyyətlərini genişləndirəcək. Video Köməkçi Hakim sistemi mübahisəli künc zərbələri, ikinci sarı vərəqə epizodları və standart vəziyyətlər zamanı mümkün qayda pozuntularını da nəzərdən keçirə biləcək.
Turnir zamanı hər hissədə su fasilələrinin tətbiqi də planlaşdırılır. Bu fasilələr həm futbolçuların isti hava şəraitindən daha az təsirlənməsinə, həm də yayım gəlirlərinin artırılmasına xidmət edəcək.
Namiq HUN