“Formula-1”də şok etiraf: Sərxoş halda sükan arxasına keçib poul qazandı!

“Formula-1”də şok etiraf: Sərxoş halda sükan arxasına keçib poul qazandı!
03.09.2026 15:34 İdman

"Formula-1"in sabiq pilotu Devid Kulthard 1995-ci ildə İtaliya Qran-prisinin sıralanma turundan əvvəl Berni Ekklstoun, Niki Lauda və Qerhard Bergerin əhatəsində şnaps içdiyini etiraf edib.

TodayPress TV xəbər verir ki, şotlandiyalı keçmiş sürücü həmin hadisəni "Up To Speed" podkastında belə xatırlayıb:

"Bu, 1995-ci ildə baş verib. O vaxtlar cümə günü də sıralanma turu keçirilirdi. Səhər bir saatlıq məşq, sonra sıralanma yarışı olurdu və şənbə günü də eyni sistem təkrarlanırdı. Yəni cümə gününün nəticəsi vacib olduğundan pilotlar maksimal sürət göstərməyə çalışırdı. Cümə gününün sonunda mən birinciliyi ələ keçirmişdim.

Şənbə səhəri Berni Ekklstounun motorhoumunun yanından keçəndə həmin vaxt "Ferrari"nin səfiri olan Niki Lauda məni içəri çağırdı. Niki Lauda kimi böyük şəxsiyyət səni çağırırsa, yaxınlaşırsan. İçəri girəndə orada Qerhard Berger və Berni də var idi. Ekklstounun motorhoumuna rəhbərlik edən avstriyalı Karl-Haynts Tsimmerman içərisində şəffaf maye olan dörd kiçik qədəhlə padnos gətirdi. Mənə dedilər ki, Monzada şənbə sıralanma turundan əvvəl bu tarixi trek və məkanın şərəfinə içmək bir ənənədir.

Qədəhdəki şnaps idi. “Formul-1”in rəhbəri, tarixin ən böyük çempionlarından biri və yarışlar qalibi Qerhardın əhatəsində idim. Alov dadı verən həmin spirtli içkini içdim. Bir qədər sonra heç kimə heç nə demədən bolidə əyləşdim, çünki buna görə məni qova bilərdilər. Trasa çıxdım, dövrəni daha da sürətlə qət edərək İtaliya Qran-prisi üçün poul-pozisiyasını qazandım! Amma indiyədək bilmirəm, həmin vaxt yarışan Qerhardın qədəhindəki şnaps idi, yoxsa su".

Həmin sıralanma turunda "Uilyams"ın heyətində çıxış edən Kulthard Mihael Şumaxeri və 3-cü nəticəni göstərən Qerhard Bergeri qabaqlayaraq birinciliyi təmin etmişdi. Lakin nə Kulthard, nə də Berger bazar günü keçirilən əsas yarışda finişə çata bilmişdilər.

Kulthard bolidindəki nasazlıq səbəbindən qızışdırıcı dövrədə yarışı dayandırmışdı. Liderlik edən Berger isə Jan Alesinin bolidindən qopan videokameranın "Ferrari"nin asqı sistemini zədələməsi nəticəsində mübarizəni vaxtından əvvəl başa vurmuşdu. Həmin Qran-prinin qalibi isə Conni Herbert olmuşdu.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər