Edin Cekodan vida: 20 illik milli karyerası başa çatır
40 yaşlı “Şalke-04”ün hücumçusu Edin Ceko Bosniya və Herseqovina millisindəki karyerasını başa vuracağını açıqlayıb.
TodayPress TV xəbər verir ki, veteran futbolçunun milli komandadakı son oyunu oktyabrın 2-də Millətlər Liqasının qrup mərhələsində İsveçə qarşı keçiriləcək qarşılaşma olacaq.
Ceko sosial şəbəkə hesabında qərarı ilə bağlı emosional paylaşım edib:
“Bəzən öz-özümə bu anın nə vaxt gələcəyini düşünürdüm. Amma bu sözləri yazarkən hisslərimin nə qədər güclü olacağını heç vaxt təsəvvür etməzdim. Oktyabrın 2-də İsveçlə oyunda milli komandamızın heyətində son matçıma çıxacağam.
Karyeramda heç nə milli formanı hər dəfə geyinərkən hiss etdiyim qürurla müqayisə oluna bilməz. Bu, uşaqlıq arzum idi. Ölkəmi futbol meydanında təmsil etmək şərəfinə 151 dəfə nail oldum və hər dəfə ilk dəfəki kimi qürur hissi keçirdim.
Türkiyəyə qarşı ilk oyunumdan təxminən 20 il keçib. O vaxtdan çox şey dəyişib, mən də dəyişmişəm. Lakin bu formaya olan sevgim dəyişməz olaraq qalıb. İndi isə düşünürəm ki, kənara çəkilməyin vaxtıdır. 40 yaşıma qədər milli komandada oynamağım yalnız bir səbəbdəndir: sahib olduğum hər şeyi hər dəfə meydanda qoymuşam.
Ölkəni təmsil etmək mənim üçün futboldakı ən emosional hadisə olub. 2014-cü ildə ilk dəfə dünya çempionatına vəsiqə qazanmağımız futbol həyatımın ən xoşbəxt anlarından biri olaraq qalır. Uelsə vurduğum qol zamanı, daha sonra isə mart ayında Zenyitsada İtaliyaya qarşı oyunda yaşadığım hisslər ömrümün sonuna qədər qəlbimdə qalacaq.
Həmin anlarda həmvətənlərimin şəhərlərimizin küçələrində bayram etdiyini görmək futbolun mənə bəxş etdiyi başqa bir möhtəşəm hədiyyə idi.
Bu möhtəşəm yol boyunca yanımda olan və məni dəstəkləyən hər kəsə təşəkkür etmək üçün hələ vaxtımız olacaq. Hələlik isə ümid edirəm ki, həmin axşam orada olacaqsınız və daha bir hissi birlikdə bölüşəcəyik.
Çünki bütün bu möhtəşəm anları birlikdə yaşadıq. Mən də ölkəmi sonuncu dəfə təmsil edəcəyim axşamı məhz belə keçirmək istəyirəm – hamınız yanımda, uşaqlıqdan sevdiyim və ömrümün sonuna qədər sevəcəyim formada”.
Qeyd edək ki, Edin Ceko Bosniya və Herseqovina millisinin heyətində 151 oyun keçirib. O, milli komandanın tarixində 2014-cü ildə ilk dəfə dünya çempionatında iştirak edən heyətin üzvlərindən biri olub.
Namiq HUN