UFC-də yeni azərbaycanlı! Məhəmmədəli Osmanlı rəsmi heyətə düşdü

UFC-də yeni azərbaycanlı! Məhəmmədəli Osmanlı rəsmi heyətə düşdü
03.09.2026 14:52 İdman

Azərbaycanlı MMA döyüşçüsü Məhəmmədəli Osmanlı rəsmi olaraq UFC-nin aktiv döyüşçüsü statusunu alıb.

TodayPress TV xəbər verir ki, 22 yaşlı idmançının artıq UFC-nin rəsmi saytında şəxsi səhifəsi yaradılıb. Osmanlı ən yüngül çəki dərəcəsində “Active” statusu ilə göstərilib.

Azərbaycanlı döyüşçünün UFC-də debüt tarixi sentyabrın 26-sı olaraq qeyd olunub. O, həmin gün Las-Veqasdakı “Meta APEX” arenasında keçiriləcək “UFC Fight Night: Rosas Jr. vs Barcelos” turnirində Qırğızıstan təmsilçisi İlimbek Akılbek Uulu ilə qarşılaşacaq. Döyüş artıq UFC-nin rəsmi kartında da yer alıb.

Qeyd edək ki, “The Ultimate Fighter” (TUF) UFC-nin perspektivli döyüşçülərin birgə yaşadığı və məşq etdiyi realiti-şou formatıdır. İştirakçılar tanınmış döyüşçülərin komandalarında çıxış edir və pley-off sistemi ilə mübarizə aparırlar. Yarışın əsas mükafatı UFC ilə müqavilədir. Cari mövsümün finalçıları təşkilatla altı rəqəmli məbləğdə müqavilə uğrunda mübarizə aparırlar.

Bununla belə, Osmanlının hazırda UFC-nin rəsmi heyətində yer alması ilə TUF qalibinə verilən müqavilə eyni anlayış deyil. Məhəmmədəli artıq təşkilatın aktiv döyüşçüsü kimi UFC-də rəsmi döyüş keçirəcək. Buna baxmayaraq, o, sentyabrın 26-da “The Ultimate Fighter”ın əsas mükafatı uğrunda da mübarizə aparacaq.

Osmanlı ən yüngül çəki dərəcəsində finala vəsiqə uğrunda mübarizədə qazaxıstanlı Artem Belax və amerikalı Kristian Stronga qalib gəlib.

Məhəmmədəli Osmanlının UFC-nin aktiv heyətinə daxil edilməsindən sonra təşkilatda Azərbaycanı təmsil edən döyüşçülərin sayı altıya yüksəlib. Ondan əvvəl UFC-də Azərbaycanı Rafael Fizieyev, Nazim Sadıxov, Tofiq Musayev, Fərman Həsənov və Tahir Abdullayev təmsil ediblər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər