ABŞ ilə gərginlik artır - Danimarka Qrenlandiyaya əsgər göndərdi

ABŞ ilə gərginlik artır -  Danimarka Qrenlandiyaya əsgər göndərdi
03.09.2026 16:30 Dünya

Danimarka ABŞ ilə Qrenlandiya məsələsində yaranan gərginlik fonunda Arktikadakı hərbi mövcudluğunu gücləndirir.

TodayPress TV xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. 

Məlumata görə, Danimarka yaxın tarixdə ilk dəfə Qrenlandiyaya çağırışçı əsgərlər yerləşdirib.

Bu addım ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ABŞ-yə birləşdirmək və ya almaqla bağlı dəfələrlə səsləndirdiyi fikirlərdən sonra atılıb.

Danimarka və Qrenlandiya isə bu tələbləri rədd edib.

Danimarka hərbçiləri Arktikada çətin şəraitdə əməliyyatlara hazırlıq məqsədilə keçirilən “Arctic Endurance” hərbi təlimində iştirak edirlər. Təlim çərçivəsində əsgərlər ekstremal soyuq hava şəraitində döyüş və sağ qalma bacarıqları üzrə hazırlıq keçirlər.

Kopenhagen Qrenlandiyadakı hərbi mövcudluğunu gücləndirmək üçün müdafiə xərclərini artırmaq qərarına gəlib. Danimarka rəsmiləri çağırışçıların yerləşdirilməsini əsasən hərbi hazırlığın gücləndirilməsi ilə əlaqələndirsələr də, bu addım ada ətrafında davam edən siyasi mübahisə fonunda diqqət çəkir.

Arktikada hərbi fəallıq yalnız ABŞ və Danimarka ilə məhdudlaşmır. NATO regiondakı fəaliyyətini genişləndirir. Rusiya isə alyansın artan hərbi mövcudluğunun təhlükəsizlik risklərini artırdığını bildirir.

Nəşr yazır ki, həmçinin Çin də Arktikanın mineral ehtiyatlarına marağını artırır.

Danimarkanın Qrenlandiyaya çağırışçı əsgərlər göndərməsi Kopenhagenin adada hərbi mövcudluğunu və suverenliyini nümayiş etdirmək səylərinin bir hissəsi kimi qiymətləndirilir. 

Jalə Rövşən  

XƏBƏR LENTİ
03 SENTYABR 2026
Bütün Xəbərlər