Yaxın Şərqdə GƏRGİNLİK: Dezinformasiyadan necə qorunaq?

Gündəm

02.03.2026 16:55

Yaxın Şərqdə artan gərginlik fonunda informasiya təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib. Bu çərçivədə Medianın İnkişafı Agentliyi (MEDİA) jurnalistləri və ictimai fəalları yalnız rəsmi və təsdiqlənmiş məlumatları yaymağa çağırıb. 

Media eksperti Səbinə İzzətli dezinformasiyadan qorunma yollarından TodayPress TV-yə danışıb. 


O bildirib ki, münaqişə və böhran dövrlərində informasiya mühiti daha həssas və riskli xarakter alır: 

"Belə situasiyalarda həm jurnalistlər, həm də sosial media istifadəçiləri məlumat paylaşarkən xüsusi məsuliyyət nümayiş etdirməlidirlər. Ən vacib prinsip məlumatı paylaşmazdan əvvəl yoxlamaqdır. Sosial şəbəkələrdə yayılan foto, video və xəbərlərin dərhal paylaşılması əvəzinə, onların mənbəyinin araşdırılması və rəsmi qurumların, eləcə də etibarlı xəbər agentliklərinin məlumatlarına üstünlük verilməsi vacibdir". 

Ekspert emosional və sensasiyalı məzmunun yayılmasının təhlükələrinə də diqqət çəkib. Onun sözlərinə görə, böhran dövrlərində panika yarada biləcək başlıqlar və təsdiqlənməmiş iddialar daha sürətlə yayılır və bu, cəmiyyətdə təşvişi artırır:

“Buna görə də ictimaiyyət belə paylaşımlardan uzaq durmalıdır. Həssas dövrlərdə dezinformasiyanın ən geniş yayılmış formalarından biri köhnə foto və videoların yeni hadisə kimi təqdim edilməsidir. Bu səbəbdən paylaşılan vizual materialların vaxtı və məkanı mütləq dəqiqləşdirilməlidir. Hazırda mövcud olan rəqəmsal alətlər vasitəsilə görüntülərin hansı hadisəyə aid olduğunu qısa müddətdə yoxlamaq mümkündür”.

Səbinə İzzətli əlavə edib ki, cəmiyyətdə media savadlılığı yetərli olmadıqda insanlar emosional paylaşımlara daha tez inanır və onları yayır. Bu baxımdan “paylaşmadan əvvəl düşün” prinsipi xüsusi əhəmiyyət daşıyır. Əgər məlumatın doğruluğuna əminlik yoxdursa, onu yaymaqdan çəkinmək lazımdır.    

Mütəxəssis həmçinin yanlış məlumat paylaşıldıqda məsuliyyətli davranmağın vacibliyini qeyd edib. 

"Təsdiqlənməmiş informasiya yayıldığı halda həmin paylaşım operativ şəkildə silinməli və ya təkzib olunmalıdır. Bu cür yanaşma informasiya xaosunun və ictimai panikanın qarşısının alınmasında mühüm rol oynayır", - deyə o, fikrini tamamlayıb.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıblar. Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulub. 

Türkan İsgəndərli

tag: İran,İsrail,Səbinə İzzətli,ABŞ ,İsrail ,İnformasiya,Todaypress.tv,