Vətən müharibəsinin 5-ci günü: Oktyabrın 1-də nələr baş verdi?
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Sonradan “Dəmir yumruq” adı ilə tarixə düşən əməliyyat 44 gün davam edən Vətən müharibəsinin başlanğıcı oldu.
Müharibə Azərbaycanın təxminən 30 il davam edən işğala son qoyması və ərazi bütövlüyünü bərpa etməsi ilə nəticələndi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Zəfər Azərbaycan tarixinin mühüm hadisələrindən birinə çevrildi.
Bu gün, 1 oktyabr 2026-cı ildə Vətən müharibəsinin beşinci gününün hadisələrindən 6 il ötür.
Müharibənin 5-ci günü
• Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Vətən müharibəsinin beşinci gününün sonunadək düşmən bütün cəbhə boyunca tutduğu mövqelərdən və ərazinin mühüm sahələrindən geri çəkilməyə məcbur edilib. Ermənistan ordusunun müxtəlif istiqamətlərdə hərəkət edən hərbi kolonları Azərbaycan bölmələrinin dəqiq atəşi ilə məhv edilib. Müharibənin başladığı gündən həmin vaxtadək düşmənin 200-dək tank və digər zirehli texnikası, 228 ədəd artilleriya, yaylım atəşli raket sistemləri və minaatanları, 30 ədəd hava hücumundan müdafiə vasitəsi, 6 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi, 5 silah-sursat anbarı, 110-dan çox avtomobil texnikası və 1 ədəd “S-300” zenit-raket kompleksi sıradan çıxarılıb.
• Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistan-Azərbaycan təmas xəttində baş verən silahlı qarşıdurma ilə bağlı vəziyyətlə maraqlanıb. Dövlət başçısı Belarus Prezidentinə Ermənistan tərəfinin törətdiyi təxribatlar və buna cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları barədə məlumat verib.
• Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini növbəti dəfə ağır artilleriya atəşinə tutub. Atəş nəticəsində mülki əhali arasında həlak olanların sayı 19-a, yaralananların sayı isə 55-ə çatıb. Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğu məlumat yayıb.