TƏCİLİ! Ölümcül virus Azərbaycana gəlir?

Gündəm

29.01.2026 16:49

Hindistanda qeydə alınan və bir sıra ölkələrə yayılmaqda olan ölümcül Nipah virusu dünya ictimaiyyətinin diqqət mərkəzindədir. 

Bəs sözügedən virusun Azərbaycanda yayılma ehtimalı nə qədərdir?

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı TodayPress TV-yə açıqlamasında bildirib ki, hava-damcı yolu ilə yoluxan infeksiyaların istənilən ölkəyə keçmə ehtimalı var.   


Onun sözlərinə görə, Azərbaycan da bu baxımdan risk zonasından kənar deyil:

"Hava-damcı yolu ilə yayılan infeksiyaların yer kürəsinin istənilən nöqtəsinə, o cümlədən də Azərbaycana çatma ehtimalı var. Çünki ölkəmizə gediş-gəliş mövcuddur və yoluxmuş bir şəxsin bura gəlməsi real ehtimaldır".

Professor qeyd edib ki, hazırda beynəlxalq səhiyyə qurumlarının diqqəti məhz Nipah virusuna yönəlib və bütün ölkələr, xüsusilə transsərhəd keçid zonalarında yerləşən dövlətlər maksimum diqqətli olmalıdır:

"Virusun təhlükəliliyini artıran əsas məqam yüksək ölüm göstəriciləridir. Nipah virusunun letallıq faizi çox yüksəkdir. Statistikaya görə, yoluxanların 45-70 faizi üçün xəstəlik ölümcül nəticələnir. Bu da virusu son dərəcə təhlükəli edir. Nipah virusu əsasən beyin toxumasını zədələyən ağır fəsadlara səbəb olur. Beyin ölümü yaradan infeksiyalardandır. Hətta yoluxma halı aşkar edildikdə belə, vaxtında tibbi yardım göstərilməsi və xəstəliyin dərhal lokallaşdırılması üçün bütün imkanlar səfərbər olunmalıdır".

Həkim hesab edir ki, mövcud vəziyyətdə arxayınlaşmaq təhlükə yarada bilər: 

Onun fikrincə, profilaktik tədbirlərin gücləndirilməsi, erkən diaqnostika və sərhəd-keçid nəzarətinin ciddi şəkildə aparılması həyati əhəmiyyət daşıyır.  

Qeyd edək ki, Nipah virusu infeksiyası donuz və meyvə yarasası kimi heyvanlardan insanlara ötürülən "heyvan mənşəli xəstəlikdir". İnfeksiya həmçinin çirklənmiş qida ilə və yoluxmuş şəxsdən də keçə bilər.

Türkan İsgəndərli

TodayPress TV

tag: Adil Qeybulla,Professor,Virus,Azərbaycan,Todaypress.tv,