Seçkilərə qədər Ermənistanla sülh müqaviləsi imzalanacaq? – AÇIQLAMA

Gündəm

02.02.2026 18:36

“Sülh müqaviləsi yalnız Ermənistanın ərazi iddialarından imtina etməsi ilə mümkündür”. 

Milli Məclisin deputatı, Ana Vətən partiyasının sədri Günay Ağamalı bunu TodayPress TV-yə deyib.


Deputat bildirib ki, Azərbaycan dəfələrlə açıq və birmənalı şəkildə sülh müqaviləsinin imzalanması üçün əsas şərtin Ermənistanın Azərbaycana qarşı bütün ərazi iddialarından hüquqi və siyasi baxımdan tam imtina etməsi olduğunu bəyan edib. 


“Bu imtina Ermənistan Konstitusiyasında öz əksini tapmalıdır. Azərbaycan bu prosesdə mövqeyini dəyişmir və prinsipiallıq nümayiş etdirir. Dayanıqlı sülh yalnız hüquqi əsaslara söykənərək mümkündür. Əgər Ermənistan bu iradəsini real addımlarla təsdiqləsə, sülh müqaviləsinin imzalanması üçün zaman baxımından ciddi maneə yoxdur. Əks təqdirdə, İrəvan rəhbərliyi mövcud dəyişikliklərə getmədən sülh müqaviləsi imzalamaq istəsə, bu, qəbul edilən deyil”.

O qeyd edib ki, sülh müqaviləsinin imzalanması siyasi iradə məsələsidir:

“Möhtərəm Cənab Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və milli maraqlara söykənən siyasəti bu prosesdə Azərbaycanın mövqeyini daha da möhkəmləndirir və sülh gündəliyinin məhz ədalət və beynəlxalq hüquq əsasında irəliləməsini təmin edir”.

Ekspert qeyd edib ki, Azərbaycan əməkdaşlığa açıqdır və regionda etimad yaradır: 

“Eyni zamanda regional kommunikasiyaların açılması, Azərbaycanın üzərindən Ermənistana yüklərin daşınması, Sədərək–İrəvan dəmir yolunun bərpası kimi məsələlər bütövlükdə region üçün iqtisadi və siyasi etimad mühitinin formalaşmasına xidmət edəcək. Azərbaycan konstruktiv mövqe nümayiş etdirir və əməkdaşlığa açıq olduğunu göstərir”.  

G.Ağamalı sonda diqqətə çatdırıb ki, sülh Ermənistanın addımlarından asılıdır: 

“Xüsusilə vurğulamaq istərdim ki, Azərbaycan üçün sülh ədalətli və təhlükəsiz gələcək deməkdir. Seçkilərə qədər bu şərtlərin yerinə yetirilib-yetirilməməsi artıq Ermənistanın atacağı addımlardan asılıdır. Əgər real dəyişikliklər baş verərsə, sülh mümkündür. Əks halda, proses uzana bilər. Azərbaycan bu məsələdə güclü mövqedədir və öz milli maraqlarından geri çəkilmədən, regionda sabitliyin və əməkdaşlığın tərəfdarı olaraq yoluna davam edir”.

Qeyd edək ki, deputat Qüdrət Həsənquliyev Məclisin bu gün keçirilən iclasında Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh müqaviləsindən danışıb. O, bildirib ki, Ermənistanda növbəti seçkilərə, yəni bu ilin iyun ayına qədər biz sülh müqaviləsini imzalaya bilərik.  

Jalə Rövşən

tag: Azərbaycan,Ermənistan,Sülh,Müqavilə,Todaypress.tv,