Samirə Bağırova Şərurlu İsfəndiyarı SƏRT TƏNQİD ETDİ: “Qanuni arvadın üzərinə arvad alan...”

Gündəm

15.12.2025 17:58

Psixoloq Samirə Bağırova “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundovun “iki xanımı var və hər ikisi xoşbəxtdir, bütün münasibətlər pul üzərində qurulur” fikirlərinə sərt münasibət bildirib.

O, TodayPress TV-yə ilk növbədə bu tip şəxslərin mediada qabardılmasını tənqid edib.

Psixoloqun sözlərinə görə, cəmiyyətimizdə “iş adamı”, “pullu adam” ifadəsi eşidilən kimi bəzi aparıcı və jurnalistlərin onun ardınca qaçması anlaşılmazdır:

"İş adamıdır, lap yaxşı. Amma bu, onu avtomatik olaraq dahi və ya cəmiyyət üçün örnək şəxs etmir. Orta məktəb təhsili olmayan, qanuni arvadın üzərinə arvad alan və "pul hər şeyi ala bilər" düşüncəsini təbliğ edən bir şəxsin cəmiyyətə dəyər kimi təqdim olunması ciddi problemdir. Bu yanaşmada dəyər yoxdur, yalnız qiymət var. Qarşısındakını insan kimi deyil, funksiya kimi görən bir düşüncə modelindən söhbət gedir".

Mütəxəssis iş adamının ikinci həyat yoldaşı ilə bağlı söylədiyi fikirlərə də toxunaraq bildirib ki, bu cümlələri "maskalamağa" ehtiyac yoxdur:

“Qızını dərman içirdib veriblər deyəndə, əslində "qızını mənə satıb" deməkdən söhbət gedir. Bu, "O olmasın, bu olsun" filmindəki Məşədi İbad obrazının 2025-ci ildəki formasıdır. Burada münasibətdən yox, alverdən danışılır. Bu cür müsahibələrin yayımlanması qadın xoşbəxtliyinin pulla ölçülməsi ideyasını legitimləşdirir. "Mən təmin edirəm, deməli haqlıyam" yanaşması emosional zorakılığın yumşaq formasıdır. Bu nə münasibət fəlsəfəsidir, nə gənclərə təqdim olunacaq nümunədir, nə də uğur göstəricisi".

Samirə Bağırova vurğulayıb ki, bu tip açıqlamalar psixoloji baxımdan kasıb, narsistik düşüncə modelinin, patriarxal güc dilinin və şəxsi travmaların pulla kompensasiyasının göstəricisidir:

"Bu gün gender bərabərliyindən, qadın hüquqlarından danışırıqsa, cəmiyyət maddiyyatdan çox mənəviyyata üstünlük verən mövzularla inkişaf etməlidir. Bir jurnalist, bir aparıcı, hətta bir həkim çıxıb savadsızlığı bir kənara, mənəviyyatdan uzaq fikirlərin təbliğatını edirsə, bu artıq ciddi suallar doğurur. İnkişaf etmiş ölkələrdə iş adamları şəxsi həyatları və sərvətləri ilə deyil, cəmiyyətə verdikləri töhfə ilə tanınırlar. Bu şəxs hansı xeyriyyəçilik fəaliyyəti ilə, hansı sosial məsuliyyət layihəsi ilə, hansı təhsil, səhiyyə və ya mədəniyyət təşəbbüsü ilə önə çıxıb? Hansı laboratoriyanı yaradıb, hansı xarici mütəxəssisi dəvət edib ki, gənclər daha çox bilik əldə etsin? Bu cür iş adamlarının şəxsi həyatlarını reklam etməkdə jurnalistlərin məqsədi nədir?".

Türkan İsgəndərli

TodayPress TV

tag: Samirə Bağırova,Psixoloq,Qadın,Pul,Todaypress.tv,