Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcək? - Açıqlama
Gündəm
16.12.2025 17:51
“Ramiz Mehdiyev işi” çərçivəsində baş nazirin sabiq birinci müavini Abbas Abbasova da cinayət işi açılıb və barəsində axtarış elan olunub. Xatırladaq ki, Abbas Abbasov 2006-cı ildən Rusiyada yaşayır və Rusiyanın bir sıra hakimiyyət dairələri ilə yaxın olduğu barədə zaman-zaman xəbərlər yayılıb. Bəs Rusiya Abbas Abbasovu Azərbaycana təhvil verəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Abbas Abbasovla bağlı Rusiya tərəfinə rəsmi müraciət olunacaq:
"Bu məsələ ilə bağlı hər hansı proqnoz vermək doğru olmaz, çünki artıq istintaqın gəldiyi nəticələr əsasında Abbas Abbasov barəsində cinayət işi başlanıb və o, axtarışa verilib. Azərbaycan ilə Rusiya arasında hüquqi yardım haqqında müqavilə mövcuddur və bu sənəd hər iki ölkənin ədliyyə nazirləri tərəfindən imzalanıb. Məhz həmin müqavilə əsasında rəsmi müraciət ediləcək".
Parlamentari vurğulayıb ki, bu, qarşılıqlı hüquqi öhdəlikdir və Rusiya onun şərtlərinə əməl etməlidir:
"Rusiya tərəfi prinsip etibarilə bu öhdəliklərə əməl etməlidir. Çünki gələcəkdə Rusiyanın özü də axtarışda olan şəxslərlə bağlı Azərbaycana müraciət edə bilər və bu halda Azərbaycan da eyni hüquqi mexanizmlərə əsaslanacaq. Bu, qarşılıqlı hüquqi yardım mexanizmidir və onun şərtlərinə riayət olunmalıdır. Ehtimal etmək olar ki, Rusiya tərəfi də məsələyə anlayışla yanaşacaq".
Jalə Rövşən
tag: Fazil Mustafa ,Abbas Abbasov ,Rusiya ,Ramiz Mehdiyev ,Todaypress.tv,
