Paşinyandan əsl ermənilik: 50 faizlik şansı olsa da, niyə 49.7?
Ermənistanda parlament seçkilərinin nəticələri açıqlanandan sonra diqqət çəkən əsas məqam hakim “Vətəndaş Müqaviləsi” Partiyasının topladığı 49,7 faiz səs oldu. Maraqlıdır ki, partiya 50 faizi keçməsə də, ölkədə təkbaşına hökümət formalaşdıracaq siyasi qüvvə kimi təqdim edilir.
TodayPress TV xəbər verir ki, söhbət rəqəmlərdən daha çox həmin rəqəmlərin yaratdığı siyasi təəssüratdan gedir. Çünki 50 faiz psixoloji və siyasi baxımdan vacib sərhəddir. İstəsələr 49.7 faizi rahatlıqla 51 və ya 52 faiz olaraq göstərmək imkanları olsa belə, bunu etməyiblər. Əgər belə olsaydı, bu artıq cəmiyyətə tam üstünlük mesajı verəcəkdi.
Hakim partiyanın 49,7 faiz səslə təkbaşına hökumət qurması hüquqi baxımdan mümkün olsa da, siyasi baxımdan maraqlı mənzərə yaradır. Çünki seçicilərin yarısından azının səsini alan qüvvə ölkədə bütün hakimiyyət rıçaqlarını öz əlində cəmləşdirir. Məhz buna görə 49,7 faizlik nəticə sadəcə statistik göstərici deyil, həm də ciddi siyasi mesajdır.
Bu səbəbdən ortaya maraqlı vəziyyət çıxır. Hakim partiya hökuməti təkbaşına qurur, lakin nəticələr elə təqdim olunur ki, sanki ölkədə ciddi siyasi rəqabət mövcuddur və hakimiyyət cəmiyyətin yalnız yarısının dəstəyini alıb. Həm qələbə nümayiş etdirilir, həm də demokratiya görüntüsü qorunur.
Buna görə də 49,7 faizlik nəticə adi statistika kimi görünmür, rəqəm siyasi mesaj daşıyır. Hakimiyyətə tam nəzarət imkanı verən, amma eyni zamanda “ölkədə real rəqabət var” təsəvvürü yaradan bir rəqəmdir.
Xanım Musayeva