Millət vəkilindən SOS: Rusiya Azərbaycanın Abbas Abbasovla bağlı tələbini icra etməlidir!

Gündəm

17.12.2025 12:04

"Rusiya tərəfi Azərbaycanın mövqeyini nəzərə almalı və irəli sürülən tələbi icra etməlidir".


Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov sabiq baş nazir müavini, "Mehdiyev işi" üzrə axtarışa verilən, hazırda isə Rusiyada yaşayan Abbas Abbasovun Azərbaycana təhvil verilməsi haqqında TodayPress TV-yə danışarkən deyib.

"Burada məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, Azərbaycan hüquq-mühafizə orqanları adı çəkilən şəxsi axtarışa verib və hesab edirəm ki, Azərbaycan tərəfinin bu yanaşması Rusiya tərəfindən nəzərə alınmalıdır. Bu günlərdə Azərbaycan, Rusiya və İran arasında bir sıra sahələr üzrə yol xəritələri hazırlanır, müzakirələr aparılır".

Onun fikrincə, bu baxımdan, aparılan araşdırmalar nəzərə alınaraq həmin şəxsin mütləq şəkildə Azərbaycana təhvil verilməsi zəruridir. Çünki Azərbaycanla Rusiya arasında sıx əməkdaşlıq mövcuddur və Rusiya tərəfi bunu hər zaman bəyan edir. Azərbaycan da istəyir ki, onun bu tələbi nəzərə alınsın və yerinə yetirilsin. 

"Bu mənada hesab edirəm ki, Rusiya tərəfi Azərbaycanın mövqeyini nəzərə almalı və irəli sürülən tələbi icra etməlidir. Bu məsələ bütün aspektlərdən önəmlidir və Azərbaycanın rəsmi tələbidir, buna görə də nəzərə alınması zəruridir", parlamentari qeyd edib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində Ramiz Mehdiyev və digərləri barəsində “dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə istintaqı aparılan cinayət işi üzrə növbəti qərar bəlli olub. Cinayət işi üzrə toplanmış materiallar əsasında, baş nazirin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

 Jalə Rövşən

TodayPress TV

tag: Ceyhun Məmmədov,Deputat,Rusiya,Abbas Abbasov,Baş nazir müavini,Axtarış,Elan,Todaypress.tv,