Ermənistan gələcəyi bunda görür - Natali Aleksanyan yeni Konstitusiyadan danışdı...

Gündəm

17.03.2026 18:50

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması prosesi həlledici mərhələyə qədəm qoyub.


Məlumdur ki, rəsmi Bakı bu prosesin yekunlaşması üçün iki fundamental şərti ön plana çəkib: ATƏT-in Minsk qrupunun hüquqi müstəvidə tamamilə ləğv edilməsi və Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəaların çıxarılması.

Minsk qrupu ilə bağlı məsələ artıq öz həllini tapıb. İndi isə iki ölkə arasında yekun sülh müqaviləsinin imzalanması üçün gündəlikdə qalan yeganə maneə Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır.

Ermənistanın ədliyyə naziri Srbuhi Qalyan dünən açıqlamasında yeni Konstitusiya layihəsinin mətninin artıq hazır olduğunu və yaxın vaxtlarda siyasi müzakirələrə çıxarılacağını bəyan edib.


Maraqlıdır, yeni Konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını özündə əks etdirən müddəalar çıxarılacaqmı?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan erməni jurnalist Natali Aleksanyan bildirib ki, Nikol Paşinyan və onun komandası Ermənistanın gələcəyini Azərbaycanla sülh şəraitində görür:

“Bu məntiq çərçivəsində artıq bəyan edilib ki, iki ölkə arasında sülh müqaviləsi imzalanacaq. Buna görə də şübhə doğurmur ki, Müstəqillik Bəyannaməsinə istinad ya Konstitusiyadan çıxarılacaq, ya da birbaşa hüquqi nəticələr doğurmaması üçün yenidən formula edilərək yalnız tarixi-informativ xarakter saxlayacaq. Müvafiq müddəalar, şübhəsiz ki, yenidən nəzərdən keçiriləcək”.

Natali Aleksanyan, həmçinin hesab edir ki, Nikol Paşinyan yenidən Baş nazir vəzifəsinə seçildikdən sonra qonşu ölkələrlə yaxınlaşma siyasətini davam etdirəcək:


“Artıq seçkilərdən sonra uzun müddətdir, haqqında danışılan və gözlənilən sülhün yaxınlaşması barədə danışmaq mümkün olacaq”.

Qiymət Mahir

TodayPress TV

tag: Azərbaycan ,Ermənistan,Sülh,Srbuhi Qalyan ,Natali Aleksanyan,Todaypress.tv,