“Avroviziya”da iştirak Azərbaycana nə verir? – Millət vəkili
Gündəm
29.01.2026 14:38
“Beynəlxalq mədəni platformalarda iştirak Azərbaycanın tanınmasına töhfə verir”
Milli Məclisin deputatı Fazil Mustafa bunu Azərbaycanın “Avroviziya 2026” Mahnı Müsabiqəsində gözlənilən iştirakı ilə bağlı TodayPress TV-yə danışarkən bildirib.
Onun sözlərinə görə, prinsipal olaraq bu platformalarda yer almaq vacibdir:
“Mədəni, demokratik və dünyəvi dövlət kimi Azərbaycan bu cür beynəlxalq tədbirlərdə iştirak etməli və uğur qazanmağa çalışmalıdır. Bu tip yarışmalar bütün hallarda ölkənin reklamı, təbliğatı və imicinin formalaşması baxımından əhəmiyyət daşıyır”.
Fazil Mustafa vurğulayıb ki, sənətdə özünü sınamaq istəyən şəxslər də bu platformalardan müəyyən dərəcədə yararlana bilərlər. Bu da müsabiqənin müsbət tərəflərindən biridir.
Qeyd edək ki, “Avroviziya 2026” Mahnı Müsabiqəsi Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Bu il yarışmada 35 ölkə iştirak edəcək. Müsabiqənin yarımfinalları 12 may və 14 may, böyük final isə 16 may - şənbə günü Avstriyanın ən böyük qapalı arenası olan “Wiener Stadthalle”də keçiriləcək. Azərbaycan “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsində çıxış edəcək. Azərbaycanı təmsil edəcək ifaçı və mahnının seçimi davam edir.
Aysel Mətləb
tag: Fazil Mustafa,Deputat,Avroviziya,İştirak,Todaypress.tv,
