Pekin və Vaşinqton arasında "İran nefti" krizi: Çin ABŞ sanksiyalarını tanımır

Dünya

02.05.2026 19:20

Pekin İranla neft ticarəti apardıqları əsası ilə ABŞ-nin 5 Çin şirkətinə qarşı tətbiq etdiyi sanksiyaları tanımayacağını bəyan edib.

TodayPress TV xəbər verir ki, bu barədə Çin Ticaret Nazirliyi açıqlama yayıb.

Nazirlik Çin şirkətləri - "Hengli Petrochemical", "Shandong Shouguang Luqing Petrochemical", "Shandong Jincheng Petrochemical", "Hebei Xinhai Chemical" və "Shandong Shengxing Chemical" haqqında qəbul edilən sanksiya qərarları ilə bağlı ehtiyat tədbiri görüldüyünü açıqlayıb.

"Xarici qanunların və tədbirlərin ekstraterritorial qeyri-müvafiq tətbiqinin qarşısının alınması haqqında əsasnamə"yə uyğun olaraq qəbul edilən ehtiyat tədbiri qərarı ilə, ABŞ-nin müvafiq şirkətlərə yönəlmiş sanksiyalarının hər hansı bir şəkildə tanınması, tətbiq edilməsi və ya bu sanksiyalara riayət olunması qadağan edilib.

Qeyd edilib ki, ABŞ-nin sanksiya tədbirləri Çin şirkətlərinin üçüncü ölkələrin vətəndaşları, hüquqi şəxsləri və digər təşkilatları ilə normal iqtisadi və ticari fəaliyyətlərini qeyri-müvafiq şəkildə qadağan edərək yaxud məhdudlaşdıraraq beynəlxalq hüququ və beynəlxalq münasibətlərin fundamental normalarını pozur.

Açıqlamada vurğulanıb ki, ehtiyat tədbiri qərarı Çinin milli suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını müdafiə etmək, həmçinin Çin vətəndaşlarının, hüquqi şəxslərinin və digər təşkilatların qanuni hüquq və mənafelərini qorumaq məqsədi daşıyır.

Xatırladaq ki, ABŞ Xəzinə Nazirliyinə bağlı Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC), "İranın neft daşımalarında rol aldığı" iddiası ilə Çinin "Hengli Petrochemical" şirkətini sanksiya siyahısına daxil etmişdi. Vaşinqton administrasiyası digər 4 şirkəti də 2025-ci ildən bəri eyni səbəblərlə sanksiya siyahısına əlavə edib.

Aysel Mətləb

TodayPress TV

tag: Çin,ABŞ,Neft,İran,TodayPress TV,