Kuba ABŞ təhdidlərinə cavab verdi: Müqavimət qaçılmazdır!
Dünya
18.03.2026 12:33
Kuba Prezidenti Migel Dias-Kanel ABŞ-nin təhdidlərinə cavab olaraq ölkənin istənilən xarici müdaxiləyə qarşı müqavimət göstərəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, sosial şəbəkə "X"də paylaşım edib.
Prezident bildirib ki, ən pis ssenari baş versə belə, istənilən xarici təcavüzkar Kubanın sarsılmaz müqaviməti ilə üzləşəcək.
Onun sözlərinə görə, ABŞ uzun illərdir Kubaya qarşı təzyiq göstərir və demək olar ki, hər gün ölkədə konstitusion quruluşun devrilməsi ilə bağlı təhdidlər səsləndirir. Dias-Kanel vurğulayıb ki, bu təzyiqlər adanın iqtisadi çətinliklərini bəhanə gətirməklə əsaslandırılır.
Kuba lideri qeyd edib ki, Vaşinqton ölkəni, onun resurslarını və iqtisadiyyatını nəzarətə götürmək niyyətindədir:
“Bu, xalqımıza qarşı kollektiv cəza kimi tətbiq olunan sərt iqtisadi müharibədir”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp daha əvvəl Kubaya qarşı “qeyri-dost çevriliş” ehtimalını dilə gətirmiş, həmçinin adanı ələ keçirməyin “böyük şərəf” olacağını demişdi.
Bundan əlavə, Tramp 29 yanvarda Kubaya neft tədarük edən ölkələrə qarşı rüsumların tətbiqinə imkan verən fərman imzalayıb və ölkəni ABŞ-nin milli təhlükəsizliyi üçün təhdid kimi qiymətləndirərək fövqəladə vəziyyət elan edib.
Qiymət Mahir
tag: Kuba ,ABŞ,Migel Dias-Kanel,Prezident ,TodayPress TV,
