Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO

Belqoroda hücum: Elektrik və su kəsildi, ölən var - VİDEO
03.07.2026 08:26 Dünya

Ukrayna qüvvələri Belqorod və ətraf ərazilərə raket zərbəsi endirib. Hücumdan sonra bəzi ərazilərdə elektrik enerjisi və su təchizatı kəsilib.

TodayPress TV xəbər verir ki, Rusiya rəsmiləri hücum nəticəsində bir nəfərin həlak olduğunu açıqlayıblar.

Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdığı görüntü və məlumatlara görə, partlayışlardan sonra şəhərin bir sıra rayonlarında elektrik enerjisi kəsilib. Elektrik kəsintisi səbəbindən su nasos stansiyalarının fəaliyyəti dayanıb və su təchizatında da fasilələr yaranıb.

Məlumatlarda Miçurinskaya İstilik Elektrik Stansiyasının (TES) zərbəyə məruz qaldığı iddia edilir. Rəsmi qurumlar isə stansiyanın zədələnməsi ilə bağlı hələlik ətraflı məlumat verməyiblər.

Belqorod vilayətinin əməliyyat qərargahının məlumatına görə, hücum nəticəsində elektrik infrastrukturu zədələnib və şəhərin bəzi hissələrində enerji təchizatı dayandırılıb. Təmir-bərpa işlərinin davam etdiyi bildirilir.

Rəsmi məlumata əsasən, Belqorod şəhərində mərminin düşməsi nəticəsində bir qadın həyatını itirib.

Rusiya Müdafiə Nazirliyi hava hücumundan müdafiə sistemlərinin pilotsuz uçuş aparatlarını vurduğunu açıqlayıb. Hücumun nəticələri və elektrik təchizatının tam nə vaxt bərpa olunacağı isə hələ məlum deyil.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
03 IYUL 2026
Bütün Xəbərlər